Aparılan elmi araşdırmalar insanın üz quruluşunun təkcə genetik faktorlarla deyil, ana bətnindəki inkişaf şəraiti ilə də bağlı olduğunu göstərib.
Sfera.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, ananın hamiləlik dövründə qidalanma rejimi dölün üz cizgilərinə birbaşa təsir göstərə bilər.
Xüsusilə protein qəbulunun səviyyəsi bu prosesdə mühüm rol oynayır. Araşdırmalara əsasən, yüksək protein qəbulu “mTORC1” adlı mexanizmi aktivləşdirərək daha qalın qığırdaq strukturlarının və geniş çənə quruluşunun formalaşmasına səbəb ola bilər. Əksinə, aşağı protein qəbulu daha incə və kəskin üz cizgiləri ilə nəticələnib.
Bununla yanaşı, qanda yüksək şəkər səviyyəsinin də üz quruluşuna təsir etdiyi qeyd olunub. Belə ki, bu faktor burun formasının daha basıq olmasına və ya çənənin geridə inkişaf etməsinə təsir göstərə bilər.
Alimlər vurğulayır ki, bu proseslər epigenetika ilə bağlıdır. Yəni genlərin özü dəyişməsə də, onların necə və nə dərəcədə aktivləşməsi ətraf mühit və qidalanma faktorlarından asılı olur.
Bildirilib ki, bu tədqiqat gələcəkdə sağlam hamiləlik və dölün inkişafı ilə bağlı tövsiyələrin daha da təkmilləşdirilməsinə səbəb ola bilər. Bununla belə, üz cizgilərinin formalaşmasında genetik faktorlar hələ də əsas rol oynamaqda davam edir.

