Səhər yeməyindən 15 dəqiqə əvvəl içilən bir stəkan kefir və darçın qarışığı maddələr mübadiləsini yumşaq şəkildə aktivləşdirə və gün ərzində aclıq hissini azalda bilər. Bu içkinin təsirində qəbul vaxtı mühüm rol oynayır.
Lent.az bu qarışımla bağlı maraqlı məlumatları təqdim edir:
Mütəxəssislər izah edir ki, səhər saatlarında orqanizm həzm sisteminin “işə düşməsinə” ehtiyac duyur. Qəfil ağır qida əvəzinə, ona yüngül bir başlanğıc kimi ədviyyəli turş süd məhsulu vermək daha faydalı ola bilər. Bu kombinasiyada kefir bağırsaq mikroflorasını dəstəkləyən probiotik mənbə kimi çıxış edir və iştahın tənzimlənməsinə təsir göstərə bilər. Bəzi araşdırmalar turş süd məhsullarının müntəzəm istifadəsini aclıq hormonu olan qrelin səviyyəsinin azalması ilə əlaqələndirir. Darçın isə qanda qlükoza səviyyəsinin sabitliyinə təsir etmə qabiliyyəti ilə tanınır. Bu da şəkərin kəskin dalğalanmasının qarşısını alaraq şirniyyata olan istəyi azalda bilər. Bu iki komponent birlikdə sinerji effekti yaradır: həzmin dəstəklənməsi, daha sabit iştah və qidalanma davranışına daha yaxşı nəzarət.
Niyə məhz səhər yeməyindən 15 dəqiqə əvvəl içmək vacibdir?
Nutrisiyoloqların sözlərinə görə, zamanlama önəmlidir. İçkini yeməklə birlikdə qəbul etdikdə təsiri azalır. Çox tez içildikdə isə aclıq hissi yenidən qayıda bilər. 15 dəqiqə optimal interval hesab olunur: bu müddətdə içki həzm sistemində yumşaq prosesləri başladır və orqanizmi qidaya hazırlayır. Nəticədə səhər yeməyi daha rahat həzm oluna bilər, ağırlıq və ya köp hissi olmadan.
Resept çox sadədir:
Tam yağlı 1 stəkan kefir və 1 çay qaşığı üyüdülmüş darçın.
İnqrediyentləri qarışdırın, içkini bir neçə dəqiqə saxlayın və yavaş-yavaş için. Mütəxəssislər darçın seçiminə də diqqət yetirməyi tövsiyə edir. Seylon darçını müntəzəm istifadə üçün daha keyfiyyətli hesab olunur, kassiya isə daha çox kumarin ehtiva etdiyindən onu ölçülü istifadə etmək lazımdır.
Kimlər ehtiyatlı olmalıdır?
Bu içki populyar olsa da, hər kəs üçün uyğun deyil. Mədə turşuluğu yüksək olan insanlarda kefir narahatlıq yarada bilər. Həmçinin şəkərli diabet xəstələri darçının müntəzəm istifadəsini həkimlə məsləhətləşməlidir. Səhər yeməyindən 15 dəqiqə əvvəl kefir və darçın içmək “möcüzəvi arıqlama vasitəsi” deyil. Bu, sadəcə həzmi dəstəkləyə və balanslı qidalanma şəraitində iştahı idarə etməyə kömək edə bilən sadə bir qida vərdişidir.

