Mütəxəssislərə görə düzgün qidalanma beyin sağlamlığını qorumağın əsas şərtlərindən biridir. Bəzi qidalar yaddaşı gücləndirir və demensiya riskini azaldır.
Medianews.az xəbər verir ki, son araşdırmalar flavonoidlərlə zəngin qidaların beyin funksiyalarını qoruduğunu göstərir.
Xüsusilə qaragilə, tünd şokolad (kakao), yaşıl və qara çay, soğan, brokoli, kələm, sitrus meyvələri bu baxımdan faydalıdır.
Brokoli tərkibindəki sulforafan, K vitamini və xolin sayəsində beyin hüceyrələrini qoruyur, yaddaşı gücləndirir və qocalmanı ləngidir. Eyni zamanda qaragilə kimi tünd rəngli meyvələr beyin qan dövranını yaxşılaşdırır.
Somon balığı, sardina və skumbriya kimi omeqa-3 ilə zəngin balıqlar beyin hüceyrələrinin membranını gücləndirir və sinir sistemini dəstəkləyir.
İspanaq, roka və pazı kimi yaşıl yarpaqlı tərəvəzlər maqnezium və folat sayəsində stressi azaldır və idrak qabiliyyətini artırır.
Yaddaş üçün vacib maddələrdən biri də xolindir. Xüsusilə yumurta sarısında olan bu maddə diqqət və öyrənmə prosesini gücləndirir.
Bundan başqa, kefir, qatıq və turşu kimi fermentləşdirilmiş qidalar bağırsaq sağlamlığını yaxşılaşdıraraq beynin fəaliyyətinə müsbət təsir göstərir.

