Otaq bitkilərinə qulluq zamanı müxtəlif təbii üsullardan istifadə edənlər sarımsaqdan da yararlana bilərlər. Mətbəxdə geniş istifadə olunan bu bitkinin tərkibində mikroorqanizmlərə qarşı təsir göstərə bilən bir sıra maddələr olduğundan bəzi gülçülər onu torpağın və bitkinin sağlamlığını qorumaq üçün tətbiq edirlər.
AzFood xarici mənbəyə istinadla xəbər verir ki, sarımsaqdan otaq bitkilərinə qulluq zamanı əsasən iki üsulla istifadə etmək mümkündür. Birinci üsul sarımsağın birbaşa torpağa basdırılmasıdır. Bunun üçün bir diş sarımsaq təxminən 1-2 santimetr dərinliyə, bitkinin kök hissəsinə yaxın olmayan yerə yerləşdirilir və daha sonra torpaq suvarılır. Lakin sarımsağın torpaqda uzun müddət qalmasına yol vermək olmaz, çünki çürüyərək torpağın keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə təxminən bir həftədən sonra sarımsağı torpaqdan çıxarmaq və bu üsulu 2-3 aydan bir təkrarlamaq tövsiyə edilir.
Digər üsul isə sarımsaq suyunun hazırlanmasıdır. Bunun üçün iki diş sarımsaq əzilir, üzərinə bir litr ilıq su əlavə edilir və məhlul təxminən 24 saat saxlanılır. Daha sonra qarışıq süzülür və alınan su bitkinin kök hissəsinə tökülür. Bu üsulun həftədə bir dəfə tətbiq edildiyi bildirilir. Bununla belə, sarımsaq suyunu bütün bitkilərdə eyni nəticə verən universal vasitə kimi qəbul etmək olmaz. Bitkilərin növü, torpağın vəziyyəti və suvarma rejimi nəzərə alınmalı, məhlul həddindən artıq istifadə edilməməlidir.

