Sağlamlıq

Meyvəni yanlış vaxtda yemək qan şəkərini yüksəldir

Sağlam qidalanmanın əsas hissəsi sayılan meyvə istehlakı, düzgün vaxtda və qaydada qəbul edilmədikdə əks təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, meyvəni “istənilən vaxt və istənilən qədər yemək olar” düşüncəsi səhvdir və bu, qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, araşdırmalara görə, bir çox insanın yeməkdən dərhal sonra meyvə yeməsi ən böyük səhvlərdən biridir. Bu zaman meyvə digər qidalarla birlikdə mədədə qalır, həzm prosesi yavaşlayır və meyvənin tərkibindəki fruktoz gec sorulduğu üçün fermentasiya baş verə bilər.

Mütəxəssislər meyvə yemək üçün ən doğru vaxtın yeməkdən təxminən 2 saat əvvəl və ya 2 saat sonra olduğunu vurğulayır. Xüsusilə səhər acqarına və ya günorta yeməyindən bir neçə saat sonra yeyilən meyvə həm enerji verir, həm də maddələr mübadiləsini yormur.

Meyvəni tək yemək düzgün deyil

Ekspertlər bildirir ki, meyvəni tək yemək qanda şəkərin sürətlə artmasına və insulin müqavimətinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün meyvəni zülalla birlikdə qəbul etmək tövsiyə olunur. Məsələn:

  • Alma ilə 2–3 ədəd qoz
  • Çiyələk ilə bir kasa yoqurt
  • Banan ilə bir qədər fındıq

Bu kombinasiya qan şəkərini balansda saxlayır və daha uzun müddət toxluq hissi yaradır.

Axşam saatlarında meyvəyə diqqət

Mütəxəssislər axşam saatlarında meyvə istehlakına da diqqətli yanaşmağı tövsiyə edir. Gec saatlarda orqanizmin enerji ehtiyacı azaldığı üçün qəbul edilən fruktoz tam istifadə olunmur və qaraciyərdə yağ kimi toplanır.

Nəticə olaraq, sağlam qalmaq üçün meyvədən imtina etmək lazım deyil. Sadəcə onu düzgün vaxtda və düzgün şəkildə qəbul etmək vacibdir. Əks halda, ən faydalı qidalar belə orqanizm üçün zərərli ola bilər.

Oxşar xəbərlər