Sizə faydalı

Həkim: D vitamini çatışmazlığını qidalarla aradan qaldırmaq çətindir

Orqanizmdə D vitamini çatışmazlığı son illər ən çox rast gəlinən problemlərdən biri hesab olunur. AzFood bildirir ki, mütəxəssislər bu vitaminin yalnız qidalar vasitəsilə kifayət qədər qəbul edilməsinin əksər hallarda mümkün olmadığını deyirlər.

Rusiyalı dietoloq və endokrinoloq Yelizaveta Zolotova mətbuata açıqlamasında bildirib ki, D vitamini səviyyəsini normal saxlamağın ən effektiv yolu xolekalsiferol (D3 vitamini forması) tərkibli dərman preparatlarının qəbuludur. Onun sözlərinə görə, bu maddə orqanizmdə D vitamini ehtiyatının bərpasında mühüm rol oynayır.

Mütəxəssis izah edib ki, yalnız qidalanma yolu ilə D vitamini çatışmazlığını kompensasiya etmək çox çətindir. O, buna nümunə kimi balıq məhsullarını göstərib. Zolotovanın sözlərinə görə, əgər söhbət vəhşi qızılbalıqdan gedirsə, təxminən 100 qram qəbul etmək kifayət edə bilər. Lakin fermer təsərrüfatlarında yetişdirilən balıqda bu vitaminin miqdarı daha az olduğundan eyni nəticəni əldə etmək üçün təxminən beş dəfə çox qida qəbul etmək lazım gəlir.

Həkim əlavə edib ki, dərman preparatları ciddi keyfiyyət və təhlükəsizlik nəzarətindən keçir. Buna görə də onların tərkibində göstərilən dozaya etibar etmək mümkündür. Bioloji fəal qida əlavələri isə eyni dərəcədə dəqiq dozaya zəmanət vermir və bu səbəbdən ehtiyatla istifadə edilməlidir.

Ekspertin sözlərinə görə, sağlam insanlar üçün profilaktik məqsədlə gündəlik təhlükəsiz doza təxminən 1000 beynəlxalq vahid (BV) hesab olunur. Bununla belə, yüksək dozaların nəzarətsiz şəkildə qəbul edilməsi təhlükəli ola bilər. Xüsusilə kalsitriol kimi aktiv formalardan həkim məsləhəti olmadan istifadə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, D vitamini orqanizmdə sümük sağlamlığının qorunması, immun sisteminin gücləndirilməsi və bir sıra metabolik proseslərin tənzimlənməsi üçün vacibdir. Bu səbəbdən onun səviyyəsinin mütəmadi yoxlanılması və lazım gəldikdə həkim tövsiyəsi ilə düzgün şəkildə bərpa olunması tövsiyə edilir.

Oxşar xəbərlər