Vaxtının böyük hissəsini məktəbdə keçirən uşaqların düzgün və balanslı qidalanması valideynləri ən çox düşündürən məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, məktəblilərin enerji, zülal, vitamin və mineral ehtiyacları tam şəkildə ödənilməlidir.
İnkişaf dövründə olan uşaqlar və yeniyetmələrin enerjiyə tələbatı daha yüksək olduğundan onların gündə üç əsas yemək qəbul etməsi tövsiyə olunur. Kifayət qədər və balanslı qidalanma həm fiziki inkişaf, həm də zehni fəaliyyət üçün böyük əhəmiyyət daşıyır.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, qidalanma və pəhriz üzrə mütəxəssis Hülya Yiğit qeyd edir ki, xüsusilə zülalla zəngin səhər yeməyi uşaqların dərsdə diqqətinin artırır. Araşdırmalar göstərir ki, səhər yeməyi yeyən uşaqlar dərs zaamanı daha yaxşı konsentrasiya olurlar.
Lakin enerji mənbəyi kimi şokoladlı şirniyyatlar və şəkərli məhsullar uyğun seçim hesab edilmir. Bunun əvəzinə pendir, yumurta, tam buğda çörəyi, tahin-bəkməz və ya şəkərsiz fındıq və fıstıq yağı daha sağlam alternativ sayılır.
Mütəxəssis bildirir ki, uşaqlar gün ərzində 1-2 dəfə qəlyanaltı edə bilərlər. Ancaq seçim onların öz ixtiyarına buraxıldıqda, adətən tort, şirniyyat, qazlı içkilər və çips kimi məhsullara üstünlük verirlər. Elmi araşdırmalar göstərir ki, şəkərli və yüksək duzlu qəlyanaltılar həm hüceyrə stresini artırır, həm də yaddaşa mənfi təsir göstərir. Bu səbəbdən valideynlər nahar qutularına sağlam məhsullar daxil etməlidirlər. Süd və süd məhsulları, qoz-fındıq, quru meyvələr, mövsümi meyvə və tərəvəzlər, həmçinin tam buğda unundan hazırlanmış ev məhsulları daha məqsədəuyğun seçim sayılır.
Həmçinin uşaqların gün ərzində kifayət qədər su içməsi vacibdir; mümkün olduqda plastik qablar əvəzinə şüşə su qablarına üstünlük verilməsi tövsiyə olunur. Mütəxəssislər onu da bildirirlər ki, uşaqlar günün böyük hissəsini oturaq vəziyyətdə keçirdikləri üçün onların fiziki aktivliyinə də xüsusi diqqət yetirilməlidir. Gündəlik hərəkət və idman həm akademik göstəricilərə, həm də fiziki və zehni inkişafa müsbət təsir göstərir. Valideynlərə tövsiyə olunur ki, uşaqların məktəbdə sağlam qidalanma vərdişi formalaşdırdıqdan sonra evdə sevdikləri qidalara yalnız məhdud miqdarda icazə verilsin. Bununla yanaşı, tərəvəz, tam taxıl, süd məhsulları və meyvələrin gündəlik rasionda kifayət qədər yer alması təmin edilməlidir.

