Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qida zəncirinin bütün mərhələləri üzrə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün ödənişsiz təlimlər keçiriləcək.
Təlimlər qida müəssisələrinin fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində, sanitariya-gigiyena qaydalarına əməl olunmaqla qurmasının təmin edilməsi məqsədilə keçiriləcək.
AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək təlimlərdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat veriləcək. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması qaydaları və digər məsələlər barədə məlumatlandırılacaq.
Təlimlərlə bağlı daha ətraflı məlumat almaq, həmçinin təlimlərə qoşulmaq istəyən sahibkarlıq subyektləri və ya onların səlahiyyətli nümayəndələri “1003-Çağrı Mərkəzi”nə müraciət edə və ya dilafruz.mammadzada@afsa.gov.az elektron poçt ünvanına məktub yaza bilərlər.
Qeyd edək ki, AQTİ ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi təlimlər keçirir.