AqrarKənd təsərrüfatı

Bu il alçanın qiyməti çox da düşməyəcək — SƏBƏB

2026-cı ilin aprel ayı üçün fermerlərin məlumatına görə, alça məhsuldarlığında kəskin azalma gözlənilir. Əsas səbəblər aprelin əvvəlindəki qeyri-sabit hava şəraiti, güclü yağışlar və soyuq hava nəticəsində tozlanmanın (mayalanmanın) baş tutmamasıdır. Bəzi fermerlər əvvəlki illərlə müqayisədə məhsuldarlığın 50 kiloqramdan 2-3 kiloqrama qədər düşə biləcəyini qeyd edirlər. Həmçinin, yağıntılar xəstəliklərin yayılmasına səbəb olaraq meyvələrin keyfiyyətinə də mənfi təsir göstərib.

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, bu il havaların yağmurlu keçməsi, şübhəsiz ki, kənd təsərrüfatında, xüsusilə də bağçılıq sahəsində ciddi problemlər yaradıb:

“Yağışlı hava şəraiti səbəbindən aqrotexniki xidmətlər vaxtında həyata keçirilə bilmir. Eyni zamanda, çiçəklənmə dövrünün yağışlı günlərə təsadüf etməsi mayalanma prosesində çətinliklərə səbəb olub. Bütün bu amillər təbii olaraq məhsuldarlığa mənfi təsir göstərir. Hazırda bazarlarda satılan alçalar əsasən istixanalarda yetişdirilən məhsullardır və buna görə də onların bahalı olması başadüşüləndir. Ucuz kənd təsərrüfatı məhsulları anlayışı getdikcə aktuallığını itirir. Çünki aqrotexniki xidmətlərin, gübrələrin və dərman vasitələrinin qiyməti durmadan artır. Əgər məhsul ucuz satılırsa, bu, çox zaman onun maya dəyərindən aşağı qiymətə təklif edildiyini göstərir. Digər tərəfdən, dövlət dəstəyinin bəzən gecikməsi və dəyər zəncirinin düzgün qurulmaması da problemləri daha da dərinləşdirir”.

O qeyd edib ki, bu səbəbdən kənd təsərrüfatında müəyyən geriləmələr müşahidə olunur:

“Problemlər təkcə hava şəraiti ilə bağlı deyil. Əsas səbəblərdən biri vahid idarəçiliyin olmaması, dəyər zəncirinin düzgün formalaşdırılmaması və sahənin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Əgər bu məsələlər həllini tapsa və biz ucuz kənd təsərrüfatı məhsulları əldə etmək istəyiriksə, mütləq məhsuldarlığın artırılması istiqamətində ciddi addımlar atmalıyıq. Məqsəd dünya standartlarına uyğun məhsuldarlığa nail olmaqdır. Bunun üçün ölkənin torpaq, günəş və su ehtiyatları kifayət qədər əlverişlidir və yüksək nəticələr əldə etmək üçün bütün imkanlar mövcuddur”.

Oxşar xəbərlər