Image default

Firudin Tağıyev: “Dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına nail olacağıq”

İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri son dövrlərin ən aktual mövzularındandır. Fins.az mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyevin müsahibəsini təqdim edir:

– İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri özünü hansı formalarda göstərir?

– Kənd təsərrüfatı sektorunda çalışanlar fəaliyyətlərini məhz iqlimlə əlaqəli şəkildə həyata keçirirlər. Ətraf mühit amillərinin kənd təsərrüfatına birbaşa təsirləri qaçılmazdır. İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin yumşaldılması istiqamətində daimi olaraq müvafiq fəaliyyət göstərilir. İqlim dəyişikliklərinin aqrar sektora mütəmadi təsirlərini nəzərə alaraq, müvafiq adaptasiya və mitiqasiya tədbirləri görülməlidir. Bizim bütün kənd təsərrüfatı təşviqlərində iqlimin təsirlərinin yumşaldılması, yəni adaptasiya tədbirləri əsas götürülür. Məsələn, idarə olunan suvarma sistemlərinin maliyyələşdirilməsinə güzəştlər tətbiq olunur. Bunun məqsədi yeni tələblərə adaptasiya olunan bir kənd təsərrüfatı infrastrukturunun qurulmasıdır. Bu da öz növbəsində su resurslarının qənaətli istifadəsinə, məhsuldarlığın artımına və dayanıqlı kənd təsərrüfatına xidmət edir.

– Azərbaycan su resursları məhdud olan ölkələrdəndir. Su ehtiyatları ildən-ilə azalmağa doğru gedir. Bu məhdudiyyətləri hansı formada fürsətə çevirə bilərik?

– Biz bütün təşviq alətlərimizi qlobal iqlim dəyişmələrinin təsirləri nəzərə alınmaqla kənd təsərrüfatı sektorunun modernləşdirilməsi istiqamətinə yönəltmişik. Fermerlərə subsidiyalar ayrılarkən iqlim amillərinə təsir göstərən məsələləri önə çəkirik. Məsələn, fermer Azərbaycanda bağçılıq fəaliyyəti ilə əlaqədar subsidiyalara müraciət etmək istəyirsə, mütləq damlama suvarma sistemi qurmalıdır. Digər tərəfdən, ərzaqlıq buğdanın stimullaşdırılmasına dair proqrama uyğun olaraq, həmin sahələrdə pivot suvarma sistemlərinin genişləndiririlməsi hədəflənib. Buna görə fermerlərə əlavə olaraq buğdanın hər tonuna görə 100 manatdan çox məhsul subsidiyası verilir. Eyni zamanda pivot suvarma sistemləri qurmaq istəyən təsərrüfatların elektrik enerjisi ilə təmin olunması və suvarma ilə bağlı infrastruktur xərcləri dövlət tərəfindən qarşılanır. Məqsəd təsərrüfatlarda idarə olunan suvarma sistemlərinin həcminin artırılmasıdır. Bu sistemlər artırıldıqca artıq adaptiv bir mühit qurulur və sonrakı təsərrüfat fəaliyyətlərində daha qənaətli və daha məhsuldar bir təsərrüfatçılıq yaranır. Ən çox su tələb edən kənd təsərrüfatı sektorunda suyu qənaətlə istifadə etsək, həm resurslarımızın faydalı istifadəsinə, həm də qorunmasına şərait yaradarıq. Torpaq resurslarının vəziyyəti də suyun səmərəli istifadəsindən çox asılıdır. Məsələn, selləmə suvarmadan istifadə torpaq resursunu korlayır, deqradasiyaya uğradır. Resurslardan optimal istifadə edilməsi doğru mühitin formalaşmasına səbəb olur.

– Sadaladığınız təşviq alətləri sahədaxili sudan istifadəni ehtiva edir. Ancaq suyun həmin sahələrə nəqli də vacib məsələdir. Bununla bağlı hansı işlər görülür?

– Qeyd etdiyiniz kimi, su resurslarından səmərəli istifadəyə nail olmaq üçün qarşıda duran digər məsələ suyun nəqli, sahəyə qədər gətirib çatdırılmasıdır. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamı ilə ölkədə 2020-ci ildən Su Komissiyası fəaliyyət göstərir. Həmin komissiyanın nəzarəti altında son dörd ildə ciddi infrastruktur layihələrinin qurulmasına dair qərarlar qəbul olunub. İşğaldan azad olunmuş ərazilərdə “Zabuxçay” su anbarının qurulması yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə kanalın betonlanması işləri həyata keçirilib. 2 ən böyük magistral kanal – Qarabağ və Şirvan kanallarının (keçmiş Yuxarı Şirvan) yenidən qurulmasına dair ölkə rəhbərinin müvafiq sərəncamlarının icrasına başlanılıb.

Bütün kənd təsərrüfatı təşviqlərində iqlimin təsirlərinin yumşaldılması, yəni adaptasiya tədbirləri əsas götürülür

– Mütəxəssislər onu da vurğulayırlar ki, su kanalları yenilənməli, su maksimum formada torpağa dəymədən nəql edilməlidir. Səbəb nədir?

– Suyun torpağa keçməsi bir çox problemlər yaradır. Birincisi, ciddi su itkiləri baş verir. Bəzi yerlərdə bu itkinin həcmi 60 faizə qədərdir. İkincisi, kanaldakı həmin filtirasiya olunmuş su ətrafdakı torpaqları şorlaşdırır, sıradan çıxarır. Ona görə də burada Kənd Təsərrüfatı Nazirliyinin baxışı konstruktivdir. Düşünürük ki, harada suyu toplamaq mümkündürsə, həmin yerdə rezervuar qurmaq lazımdır. Bu rezervuarlardan suyun nəqli imkan daxilində qapalı şəbəkə ilə olmalıdır. Fermerə təzyiqli su verməliyik. Bundan sonra fermerin idarə olunan suvarma sistemlərini quraşdırmasını təşviq etməliyik.

– Bəs modern suvarma sisteminin qurulmasını təşviq etmək üçün nələr nəzərdə tutulub?

– Fermerlərə əkin üçün ayrılan subsidiyalardan başqa, suvarma sistemini qurmaq üçün də güzəştlər mövcuddur. Bu gün idarə olunan suvarma sistemləri dəstini alan fermer onun dəyərinin 20 faizini ilkin ödəniş etməklə yerdə qalan 40 faizini uzunmüddətli kreditlə ödəyə bilir. Dəstin dəyərinin 40 faizini isə dövlət qarşılayır. Bu layihənin tətbiqi uğurlu oldu. Hazırda ərzaqlıq buğda proqramı çərçivəsində də əlavə infrastruktur dəstəkləri göstərməklə bu qaydalar tətbiq olunur.

– Təxminən nə qədər ərazidə yeni suvarma sistemləri qurulub?

– Bu gün ölkə üzrə Elektron Kənd Təsərrütafı İnformasiya Sisteminə bəyan olunan idarə olunan suvarma sistemlərinin həcmi 120.000 hektar civarındadır. Bizim 1,5 milyon hektar suvarılan torpaqlarımız var. Yeni sistem ümumi suvarılan torpaq sahələrin təxminən 8,5 faizini təşkil edir. Amma son illərin dinamikasına baxdıqda burada ciddi artım görürük. Həyata keçirilən təşviq siyasəti artıq idarə olunan suvarma sistemlərinin artırılmasını labüd edir. Ona görə də, düşünürəm ki, yaxın zamanlarda bizim faiz göstəricilərimiz daha çox artacaq. Yeni sistemə keçid, təbii ki, kənd təsərrüfatı sektorunun dəyər potensialını artırmış olacaq. Bununla da kənd təsərrüfatı məhsullarının ÜDM-də payı yüksələcək. Eyni zamanda dayanıqlı kənd təsərrüfatı və resursların qorunması sistemlərinin qurulmasına nail olacağıq. İstənilən halda, dayanıqlı kənd təsərrüfatı fəaliyyətini gələcək nəsillərə ötürmək, davamlılığı təmin etmək üçün torpaq, su və iqlim resurslarımızı qorumalı, təsərrüfat fəaliyyətlərini buna uyğun davam etdirməliyik.

Ən çox su tələb edən kənd təsərrüfatı sektorunda suyu qənaətlə istifadə etsək, həm resurslarımızın faydalı istifadəsinə, həm də qorunmasına şərait yaradarıq

– Dağlıq ərazilərdə su çatışmazlığı bir az daha ciddi formadadır. Həmin ərazilərdə əkinə şərait yaradılması üçün layihələr nəzərdə tutulurmu?

– Ölkəmizdə əkinə yararlı ərazilərimizin (xüsusən payızlıq əkin, taxıl əkinləri) 50-55 faizi dəmyə sahələrdir. Dəmyə əkinçiliyinin ümumi kənd təsərrüfatı məhsullarının istehsalında payı təxminən 10 faizə qədərdir. Adından da göründüyü kimi, burada suvarma olmadığına görə ciddi məhsul əldə olunması mümkün olmur və bu bizim ən riskli fəaliyyət istiqamətimizdir. Çünki son illərdə yağışların azalmasını müşahidə edirik, ciddi quraqlıqla qarşılaşırıq. Buna görə də həmin ərazilərlə bağlı yeni konsepsiya üzərində iş aparırıq.

– Yeri gəlmişkən, su çatışmazlığı digər problemlərlə yanaşı quraqlıq məsələsini də aktuallaşdırır.

– Son illərdə iqlim dəyişmələrinin təsiri ilə yaranan su çatışmazlığı, təbii ki, quraqlığa gətirib çıxarır. Bu gün Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal platformaya ev sahibliyi edir. Ölkəmizdə COP29 tədbirləri keçiriləcək. Azərbaycan hər zaman ətraf mühit amillərini, iqlim, ekoloji məsələləri gündəmdə saxlayır. Bu çərçivədə ən çox müzakirə olunan məsələlərdən biri də məhz ətraf mühit amillərinin təbii resurslara zərərləri və bunların aradan qaldırılmasıdır. İstixana effekti yaradan qazlar və dünya üzrə artan temperaturun 1,5 dərəcə həcmində saxlanılması dünya ölkələri qarşısında qoyulan qlobal hədəfdir. İqlim dəyişmələri hər gün daha aqressiv şəkildə artmaqdadır. Əsas problemlərdən biri yağıntıların, tempetarurların yerdəyişməyə məruz qalmasıdır. Bu da çox ciddi bir təhlükədir. Məsələn, ötən il Avropa quraqlıqdan əziyyət çəkirdi, amma Azərbaycan son 10 ilin ən çox sulu dövrünü yaşayırdı. Bu dəqiqə su anbarlarımızda ən çox su toplanıb. Bu o deməkdir ki, Avropanın yağıntısı Asiya üzərinə keçib. Afrikada da görünməyən yağıntılar, hətta qar müşahidə edilir. Bütün bu gözlənilməyən dəyişikliklər birbaşa kənd təsərrüfatına təsir edir.

– Belə bir şəraitdə quraqlığa davamlı yeni sortların yetişdirilməsi də aktualdır. Bu istiqamətdə işlər görülürmü?

– Hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində müvafiq institutlarda yeni sortların yaradılması, quraqlığa, istiyə davamlı olan sortların alınması üzərində işlər aparılır. Artıq Əkinçilik İnstitutunun sahələrində quraqlığa davamlı yeni sortlar yaradılıb və çox yaxşı nəticələr əldə olunub. İri şirkətlər də beynəxalq təcrübəni araşdıraraq iqlimə uyğun olan sortları Azərbaycana gətirirlər.

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində müvafiq institutlarda yeni sortların yaradılması, quraqlığa, istiyə davamlı olan sortların alınması üzərində işlər aparılır

– Kənd təsərrüfatında yaranan ÜDM-in 50 faizi heyvandarlığın payına düşür. İqlim dəyişmələrinin bu sektora təsirləri özünü hansı formada göstərir?

– Bu gün qlobal səviyyədə ət və ət məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Təbii ki, burada da iqlim dəyişmələrinin təsiri qaçılmazdır. Çünki heyvandarlıq əkinçiliklə əlaqəlidir, yəni heyvanların yem mənbəyi əkinçilikdə formalaşır. Ekstensiv heyvandarlıqda daha çox biçənəklərdən, örüşlərdən istifadə olunur. İqlim dəyişmələri şəraitində bəzən təbii otlaqların məhsuldarlığının aşağı düşməsi heyvandarlıq sektoruna da mənfi təsir etməkdədir. Bu təsirlərdən yan keçmək üçün biz ölkədə dəvəçilik və ənənəvi köçəri heyvandarlığın (tərəkəmə təsərrüfatçılığı) inkişaf etdirilməsini hədəfləyirik. Onlar üçün işğaldan azad olunmuş ərazlərin potensialından istifadə edilməsi planlaşdırılır.

Zemfira Ms
Fins.az

Related posts

“Gənclər üçün anti bullinq proqramı” layihəsi keçirilib.

Səma Fərzəli

Odessanın son ixrac dəhlizi ilə 6 milyon ton taxıl daşınıb

Əli Fərzəliyev

“Şərqin Yüz Birinci Baharı” layihəsi Mingəçevir və Zərdab rayonlarında həyata keçirilib

Əli Fərzəliyev