Image default

Bakıda qida standartlarının təkmilləşdirilməsinə dair beynəlxalq tədbirə start verilib

Bu gün Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir işə başlayıb.

15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə  Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan artıq nümayəndəsi qatılıb. Tədbirdə qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılır, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə edilir və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçirilir.

Tədbirin açılışında çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsi məqsədilə yaradılan Agentlik Milli Kodeks Sisteminin formalaşdırılması üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə fəal və səmərəli əməkdaşlıq edir. Agentlik sədri mötəbər tədbirin AQTA-nın 5, Kodeks Alimentariusun 60 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. Vurğulayıb ki, Avropa və Mərkəzi Asiya regionunun Kodeks və qida təhlükəsizliyi sahəsində fəal tərəfdaşları bu əlamətdar ili qeyd etmək məqsədilə ikigünlük yüksək səviyyəli konfransı birlikdə keçirirlər. Eyni zamanda Q.Təhməzli çıxışı zamanı vurğulayıb ki, AQTA-nın fəaliyyət göstərdiyi dövrdə respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb. Agentliyin yaranması ilə ölkəmizdə qida təhlükəsizliyi üzrə multi tipli idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçid təmin olunub.  Həmçinin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində risk əsaslı nəzarətin həyata keçirilməsinə başlanılıb. Qabaqcıl beynəlxalq təcrübəyə və tələblərə uyğun qida təhlükəsizliyi sisteminin qurulmasını təmin etmək üçün təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019–2025-ci illər üçün Dövlət Proqamı”ı qəbul edilib və uğurla icra olunmaqdadır. Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu beynəlxalq təcrübəyə uyğun hazırlanıb və 1 yanvar 2023-cü il tarixindən etibarən qanun qüvvəyə minib. Eləcə də Dövlət Proqramının icrasından irəli gələrək bu dövr ərzində qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində yeni 15 sanitar, fitosanitar və baytarlıq normaları qəbul edilib. Hazırda da qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri səylə davam etdirilməkdədir. AQTA sədri qeyd edib ki, Agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verməkdədir. Belə ki, həyata keçirilən tədbirlər sayəsində Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib. Q.Təhməzli deyib ki, qeyd olunan faktlar Kodeks Alimentarius komissiyası ilə əməkdaşlığın ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək etməklə, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaratdığını deməyə imkan verir. Bu əməkdaşlıq isə “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq qida məhsullarının keyfiyyətinə olan inamı da möhkəmləndirəcək. Bununla yanaşı, müasir dünyada qida təhlükəsizliyinin təmin edilməsində “Vahid Sağlamlıq” konsepsiyası yanaşmasının aktual məsələyə çevrildiyini vurğulayan Q.Təhməzli bu yanaşmanın əhəmiyyətli olduğunu önə çəkib.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qida təhlükəsizliyinin əhalinin sağlamlığının və səhiyyə sisteminin mümkün təhdidlərdən qorunmasında mühüm rol oynadığını vurğuladı: “Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamına əsasən, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdəndir. Həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib”.

Bu baxımdan, qida təhlükəsizliyinin sağlamlığın qorunması prizması çərçivəsində Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparıldığı, xüsusən də məktəblilərin düzgün qidalanmasının təşviqinə dair tədbirlər həyata keçirildiyi bildirildi.

Qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılmasının önəmini vurğulayan nazir bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, müxtəlif tədqiqatlar sayəsində müəssisələrin fəaliyyəti üçün əlavə imkanların yaratdığını qeyd etdi: Kodeks Komissiyasının əsas fəaliyyəti istehlakçıların sağlamlığının qorunması, beynəlxalq ərzaq ticarətində ədalətli təcrübələrin təmin edilməsindən ibarət olduğundan tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Teymur Musayev dedi: “Kodeks qlobal səviyyədə qida keyfiyyətinin idarəolunmasında mühüm təsirə malikdir, aparılacaq panel müzakirələr Milli Kodeks Sisteminin yaradılması işinə əməli töhfələr verəcəkdir”.

Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib. Məcnun Məmmədov bildirib ki, dünyada qlobal təhlükələr və risklər – su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir. Azərbaycan Respublikası hər zaman olduğu kimi müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsullarının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daim dövlətimizin diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat vurğulayıb ki, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar istehlakçıları təhlükəsiz qida məhsulları ilə təmin etmək üçün fəal şəkildə çalışır. Qida təhlükəsizliyinin idarə edilməsində davamlı olaraq yeni imkanlar və çağırışlar meydana çıxır və elm əsaslı qida standartları tətbiq edilir.

Kodeks Alimentarius Komissiyası Katibliyində Qida Standartları üzrə baş katib Hilde Kruse bildirib ki, FAO/ÜST Kodeks Etimad Fondu layihələri ölkələrə Kodeks işində iştirak etmək üçün möhkəm və davamlı milli potensialın yaradılmasına dəstək verir. Azərbaycan hökuməti də daxil olmaqla, regionun bir çox ölkələri bu dəstəkdən faydalanır.

Daha sonra tədbir “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi” və  “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” mövzularında sessiyalarla davam edib.

Qeyd edək ki, tədbirdə AQTA-nın 5 illik fəaliyyətinə həsr olunan “5 dəqiqədə 5 il” adlı videoçarx nümayiş etdirilib.

Tədbir işini sabah da davam etdirəcək.

Related posts

Şaftalının faydaları

Səma Fərzəli

Bərdədə fəaliyyət göstərən süd tədarükü müəssisəsində yoxlama keçirilib

Əli Fərzəliyev

Səhər yeməyi üçün ideal vaxt

Səma Fərzəli