Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında zeytun yağı nümunəsində turşuluq, peroksid və yodun miqdarının təyini üzrə uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri aparılır. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müvafiq standartlara uyğun olaraq milli akkreditasiyadan keçirilib və ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir.