Yay aylarının ən çox sevilən meyvələrindən olan ərik vitamin və minerallarla zəngin olsa da, bəzi insanlarda sağlamlıq vəziyyətindən asılı olaraq məhdudlaşdırılmalı və ya müəyyən dövrlərdə ümumiyyətlə qəbul edilməməlidir. Tərkibində təbii şəkərlərin və üzvi turşuların olması bu meyvənin xüsusilə bəzi xəstəliklər zamanı ehtiyatla istehlak edilməsini tələb edir.
AzFood URA.RU-ya istinadla xəbər verir ki, dietoloq, tibb elmləri namizədi Darya Rusakova ərikin kimlər üçün uyğun olmadığını açıqlayıb. Mütəxəssisin sözlərinə görə, ərik C, A, B və P qrup vitaminləri, kalium, maqnezium, dəmir və fosforla zəngindir. Meyvə immun sisteminin fəaliyyətini dəstəkləyə, həzm prosesinə müsbət təsir göstərə, bağırsaqların fəaliyyətini yaxşılaşdıra və görmə orqanlarının sağlamlığının qorunmasına kömək edə bilər. Lakin sağlam insanın belə gün ərzində təxminən 150 qramdan artıq ərik yeməsi məsləhət görülmür.
Ərikin qəbulunda ən çox diqqət tələb edən qruplardan biri şəkərli diabeti olan insanlardır. Meyvənin tərkibindəki təbii şəkərlərin miqdarı səbəbindən xüsusilə 2-ci tip diabet zamanı porsiyanın nəzarətdə saxlanılması vacibdir və mütəxəssis gündə bir-iki ərikdən artıq yeməməyi tövsiyə edir. Qastrit, mədə xorası və pankreatitin kəskinləşdiyi dövrdə də ərikdən uzaq durmaq məsləhətdir, çünki meyvənin tərkibindəki turşular mədənin və həzm sisteminin selikli qişasını qıcıqlandıra bilər. Meteorizmə və ishala meyilli insanlar da əriki ehtiyatla qəbul etməlidirlər. Bundan başqa, sidik-ifrazat sistemi ilə bağlı problemləri olan şəxslər də diqqətli olmalıdır, çünki ərikdəki oksalatlar bəzi hallarda böyrəkdə daşların yaranmasına şərait yarada bilər. Bu səbəbdən meyvə faydalı qida olsa da, onun miqdarı insanın sağlamlıq vəziyyətinə uyğun müəyyənləşdirilməlidir.

