Sürətlə arıqlama zamanı iştahanın və qida qəbulunun azalması vitamin-mineral çatışmazlığı, əzələ itkisi və həzm sistemi problemlərinə səbəb ola bilər.
AzFood xəbər verir ki, mütəxəssislər sözlərinə görə, belə hallarda qidalanma vəziyyəti mütəmadi qiymətləndirilməli və insanın fərdi ehtiyaclarına uyğun qidalanma planı hazırlanmalıdır.
Türkiyəli doktor Gamze Kavasın sözlərinə görə, xüsusilə D və B12 vitaminləri, həmçinin digər B qrupu vitaminləri, dəmir, sink, kalsium, maqnezium və kalium səviyyələrinə diqqət yetirmək vacibdir. Qida çeşidinin azalması və uzun müddət aşağı enerji qəbulu zamanı bəzi insanlarda əlavə vitamin-mineral dəstəyinə ehtiyac yarana bilər.
Maye və lif qəbuluna diqqət
Sürətli arıqlama prosesində mədənin boşalmasının yavaşlaması ürəkbulanma, köp, erkən toxluq, qəbizlik və ishal kimi problemlərə səbəb ola bilər. Buna görə kifayət qədər maye və lif qəbulu tövsiyə edilir. Probiyotiklərin isə bağırsaq mikroflorasının qorunmasına kömək edə biləcəyi bildirilir.
Əzələ itkisinə diqqət
Sürətli çəki itkisi zamanı yalnız yağ deyil, əzələ kütləsi də azala bilər. Mütəxəssis kifayət qədər zülal qəbulunu və müntəzəm güc məşqlərini davam etdirməyi tövsiyə edir.
Sürətli arıqlama dərinin görünüşünə də təsir göstərə bilər. Kifayət qədər maye və zülal qəbulu dərinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Mütəxəssislər vurğulayırlar ki, arıqlama prosesində yalnız çəki itkisinə deyil, insanın qidalanma vəziyyətinə və fərdi ehtiyaclarına da diqqət yetirilməlidir.

