“Əhali daha çox ucuz məhsula üstünlük verir”.
Bunu Day.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib.
O, xaricdən idxal olunan ət məhsullarının kəskin artmasının bazara təsirindən danışıb.
Ekspert bildirib ki, Azərbaycanda hazırkı şəraitdə adambaşına ət istehlakı təxminən 43-45 kiloqram civarında götürülür.
“Ölkə əhalisinin sayını 10 milyon hesab etdikdə, bu, ümumilikdə illik təxminən 400-450 min ton ət istehlakı deməkdir.
2026-cı il üçün ümumi ət istehsalını təxminən 700 min ton səviyyəsində götürsək, bunun tərkibində 290 min ton mal əti, 210 min ton quş əti və 195 min ton qoyun-keçi əti olduğu ehtimal edilir. Rəqəmlərə əsasən baxdıqda, ümumi istehsal tələbatı üstələyirmiş kimi görünür və bu halda idxala ehtiyac olmamalıdır.
Lakin real vəziyyət daha fərqlidir və idxal prosesləri davam edir. Bunun əsas səbəblərindən biri xaricdən gətirilən ət məhsullarının yerli məhsullarla müqayisədə daha ucuz olmasıdır. Qiymət fərqi istehlakçı davranışına təsir edir və əhali daha çox ucuz məhsula üstünlük verir”, – deyə o bildirib.
A.Mustafayev əlavə edib ki, digər mühüm səbəb ölkədə ənənəvi otlaq və qışlaq sahələrinin – Ceyrançöl, Haramı düzü və digər ərazilərin – əvvəlki funksiyasını itirməsidir:
“Bu ərazilərin bir hissəsi əkin və digər məqsədlər üçün istifadə olunur, orta səviyyəli istehsalçı təbəqəsi isə zəifləyib. Yem bazasının bahalaşması, kənd təsərrüfatı ilə məşğul olan gənclərin azalması və aqroparkların hələ geniş təsir gücünə malik olmaması da yerli ət istehsalının maya dəyərini artırır və nəticədə idxalın davam etməsinə səbəb olur”, – o yekunlaşdırıb.

