Sağlam qidalanma

Axşam yeməmək ya kalori hesablamaq? – Düzgün arıqlamağın SİRRİ

Son dövrlərdə arıqlamaq istəyənlər arasında qidalanma ilə bağlı iki fərqli yanaşma geniş müzakirə olunur. Bəziləri hesab edir ki, gün ərzində daha çox qidalanıb axşam saat 18:00-dan sonra heç nə yeməmək çəki atmaq üçün effektiv üsuldur.

 

Digərləri isə bunun elmi əsasının zəif olduğunu, əsas məsələni gündəlik qəbul edilən kalori miqdarının təşkil etdiyini bildirir. Mövzu ilə bağlı mütəxəssislərin fikirləri isə fərqli yanaşmaların üstün və zəif tərəflərini ortaya qoyur.

Bu baxımdan sual yaranır: Arıqlamaq üçün daha effektiv üsul hansıdır: müəyyən saatdan sonra yeməkdən imtina etmək, yoxsa gündəlik kalori balansını nəzarətdə saxlamaq?

Mövzu ilə bağlı diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, arıqlama zamanı insanların psixoloji vəziyyətindən istifadə edən “mafiya” şəbəkəsi qurulub:

“Bu “mafiya” şəbəkəsinə arıqladıcı dərmanlar, kokteyllər, arıqladıcı iynələr, müəyyən aparatlardan istifadə edən klinikalar, müəyyən dırnaqarası dietoloqlar, fitness mütəxəssisləri aiddir. Xaricdən gətirilən və sertifikatı olmayan dərmanları insanlara satırlar. Bunlar böyük “mafiya”dır. Bəziləri fərdi, bəziləri də özbaşına fəaliyyət göstərir. Bu insanlar üzərində oyun deməkdir”.

Diyetoloq qeyd edib ki, qidalanma insan üçün çox önəmlidir:

“Hətta Allah insana ilk dəfə ana südü ilə işarə edib ki, sənin həyatın sənin qidalanmandan asılı olacaq. Ana südü ilə uşağa sağlamlığı üçün müxtəlif maddələr ötürülür. Nəinki müxtəlif maddələr, eyni zamanda genetik kodlar, bacarıq kodları ötürülür. Bu da uşağın gələcəyini təmin edir. Əgər düzgün qida ötürülməsə, uşaqda və onun tərbiyəsində düzgün inkişaf getməyəcək. Uşaq görsə ki, ana qeyri-sağlam qidalar yeyir, o da ona maraq göstərəcək. Düzgün olmayan yerlərdə qidalanma ilə uşaqlarda obezite və digər müəyyən xəstəliklər yaranır. Qida da tərbiyə kimidir. Düzgün qidalanma üçün uşaqlıqdan başlamaq lazımdır. Elə ilk qidalanma ana bətnindən başlayır və sonrakı mərhələlərdə də davam edir. Saat 18:00-dan sonra yeməmək anlayışı yalan bir şeydir. İnsanlar saat 18:00-dan sonra yüngül şəkildə yemək yeməlidir. İnsanın yemək yediyi qab zülal, yağ, karbohidrat və mineralla dolmalıdır. Gün ərzində günorta normal şəkildə yemək yeyib, axşam yüngül yeməlidir”.

 

Oxşar xəbərlər