AqrarKənd təsərrüfatıManşet

Aqrar ixracı 4-5 milyard dollara çatdırmaq mümkündür

Aqrar ixracı 4-5 milyard dollara çatdırmaq mümkündür.

Milli Məclisin deputatı Əli Məsimli Modern.az-a müsahibəsində bildirib ki, beynəlxalq təcrübə aqrar sahədə davamlı inkişafın yalnız subsidiyalarla deyil, effektiv idarəetmə, bazar mexanizmləri və qabaqcıl texnologiyaların düzgün kombinasiyası ilə mümkün olduğunu göstərir.

Onun sözlərinə görə, bu sahədə ən uğurlu nümunələrdən biri Hollandiyadır: “Ərazisi Azərbaycandan iki dəfə kiçik olan Hollandiya innovativ kənd təsərrüfatı modeli əsasında ildə 110 milyard dollar həcmində aqrar məhsul ixrac edir. Bu göstərici Azərbaycanın neft-qaz ixracını bir neçə dəfə üstələyir”.

Deputat qeyd edib ki, Azərbaycanın bu səviyyəyə çatması real olmasa da, aqrar sektor qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi mühüm potensiala malikdir: “2025-ci ildə ölkədən 1,1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub və bu, əvvəlki illə müqayisədə 18,5 faiz artım deməkdir. Mövcud imkanlar nəzərə alınarsa, yaxın perspektivdə aqrar ixracın 4-5 milyard dollara çatdırılması mümkündür”.

“Bu məqsədə nail olmaq üçün güclü aqrar-sənaye komplekslərinin yaradılması, uzunmüddətli inkişaf strategiyasının hazırlanması və dövlətin stimullaşdırıcı proqramlarının genişləndirilməsi vacibdir. O bildirib ki, mərhələli yanaşma ilə əvvəlcə ixracın 2 milyard dollara, daha sonra isə 4-5 milyard dollara çatdırılması real hədəfdir”.

Deputat əlavə edib ki, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, əmək məhsuldarlığının artırılması və səmərəliliyin yüksəldilməsi əsas prioritetlərdəndir: “Aqrar sektorun qeyri-neft iqtisadiyyatında rolunun artması üçün artım templəri ümumi ÜDM artımını üstələməlidir”.

“Aqrar potensialdan səmərəli istifadə edilməsi həm ərzaq təhlükəsizliyini möhkəmləndirə, həm də kənd yerlərində yaşayan əhalinin rifahını yüksəldə bilər: “Bu sahədə çalışan 1,8 milyona yaxın insanın həyat səviyyəsinin yaxşılaşması və regionlardan paytaxta miqrasiyanın azalması mümkündür” – o qeyd edib.

Ə.Məsimli fermerlərin sığortadan istifadəsinin genişləndirilməsinin də vacibliyini vurğulayıb: “Daşqın və quraqlıq kimi risklərdən qorunmaq üçün sığorta mexanizmləri geniş tətbiq olunmalıdır. Bu, məhsuldarlığın və keyfiyyətin artmasına, itkilərin azalmasına və nəticədə aqrar ixracın genişlənməsinə ciddi töhfə verə bilər”.

Oxşar xəbərlər