Bizim mətbəx

Xəmir yoğurmadan ləzzətli pizza – RESEPT

Mətbəxdə vaxta qənaət etmək istəyən, eyni zamanda ailəsini fərqli dadlarla sevindirməyə çalışanlar üçün növbəti orijinal resepti təqdim edirik. Cəmi 30 dəqiqə ərzində hazırlanan, xəmir yoğurma dərdi olmayan “Lavaş-pizza” həm doyuruculuğu, həm də fərqli qat-qat strukturu ilə seçilir.

AzFood xəbər verir ki, bu üsulla hazırlanan pizza həm yumşaqlığı, həm də tərkibindəki zəngin inqrediyentlərin harmoniyası ilə fərqlənir.

Lazım olan ərzaqlar:

  • Lavaş;

  • Toyuq filesi – 1 ədəd;

  • Göbələk (600 q) və soğan (2 ədəd) – qızardılmış şəkildə;

  • Pomidor – 2 ədəd;

  • Sərt pendir – 300 q;

  • Qaymaq – 1 stəkan;

  • Yumurta – 3-4 ədəd;

  • Duz, istiot və zövqə görə göyərti.

Hazırlanma qaydası:

İçliyin hazırlanması: İlk növbədə toyuq filesini kiçik kubiklər formasında doğrayın. Göbələkləri soğanla birlikdə tam hazır olana qədər yağda qızardıb, üzərinə duz və istiot əlavə edin. Pendiri sürtgəcin iri gözündən keçirin, pomidorları isə nazik yarımhalqa şəklində dilimləyin.

Sous: Yumurtaları qaymaqla qarışdırıb azca duz vurun. Bu qarışıq pizzaya xüsusi tekstura və zərif dad bəxş edəcək.

Yığılma mərhələsi: Soba qabına perqament kağızı sərin. İlk lavaş qatını yerləşdirib üzərinə hazırladığınız qaymaqlı sousdan çəkin. Üzərinə doğranmış toyuq ətini düzüb, ədviyyat və pendir səpin.

İkinci lavaş qatını qoyub yenə sous çəkin və qızardılmış göbələkləri əlavə edin. Üçüncü qatda isə pomidor dilimlərini və göyərtini düzün. Sonda sonuncu lavaş qatını yerləşdirib, qalan bütün sousu üzərinə tökün və bol pendirlə örtün.

Bişirilməsi: Pizza əvvəlcədən 180°C qızdırılmış sobada 30 dəqiqə ərzində bişirilir.

Nuş olsun!

Oxşar xəbərlər