Bakının mərkəzində, “Park Bulvar” Ticarət Mərkəzində yerləşən məşhur “Monte Napoleone” restoranında istehlakçı hüquqlarının kobud şəkildə pozulması və xidmət sahəsindəki biabırçı vəziyyətlə bağlı ciddi ittihamlar irəli sürülüb.
AzFood xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Tuğra Cabizadə məlumat paylaşıb. Şikayətçinin sözlərinə görə, bayram günü qonaqları ilə birlikdə xoş vaxt keçirmək üçün bir gün öncədən etdiyi rezervasiya və xüsusi sifarişlər restoran rəhbərliyinin məsuliyyətsizliyi ucbatından rüsvayçılıqla nəticələnib.
1 saatlıq gözlənti və “aparat işləmir” bəhanəsi
Səhər yeməyi üçün saat 12:30-a masanı və menyunu əvvəlcədən dəqiqləşdirən müştərilər restorana vaxtında gəlsələr də, xidmət səviyyəsi gözlənilənlərin əksinə olub. Şikayətdə qeyd olunur ki, 20-30 dəqiqə ərzində masaya yalnız çay gətirilib, əsas sifarişlər isə gecikdirilib. 1 saatlıq gözləntidən sonra isə restoran əməkdaşları texniki nasazlıq bəhanəsi ilə (“aparat işləmir”) müştəriləri yubatmağa çalışıblar.
Antisanitariya və xidmət etikasına zidd addım: Dişlənmiş çörək!
Narazılığın ən pik nöqtəsi isə masaya gətirilən çörəklə bağlı olub. İstehlakçı bildirir ki, restoran tərəfindən müştərilərə istifadə edilmiş və dişlənmiş köhnə çörək təqdim olunub. Bu hal qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarının birbaşa tapdanması kimi qiymətləndirilir.
Saat 13:40-a qədər davam edən bu biabırçı proses zamanı restoranın məsul şəxslərindən heç kim müştərilərə yaxınlaşıb üzrxahlıq etməyib, problemə rasional izah verilməyib.
İstehlakçının hansı hüquqları pozulub?
Baş vermiş hadisə Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun bir neçə maddəsinin tələblərinə ziddir:
Maddə 4 (Xidmətin keyfiyyəti): İstehlakçı icraçıdan xidmətin müqavilə şərtlərinə (bu halda rezervasiya və sifariş şərtlərinə) və müəyyən olunmuş standartlara uyğun həyata keçirilməsini tələb etmək hüququna malikdir.
Maddə 19 (Xidmət müddətinin pozulması): Əgər xidmət vaxtında göstərilmirsə, istehlakçı xidmətdən imtina edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Sanitariya-Epidemioloji Salamatlıq haqqında Qanun: Müştəriyə başqası tərəfindən dişlənmiş və ya istifadə edilmiş qidanın verilməsi ağır sanitar pozuntudur və müvafiq dövlət qurumları tərəfindən cərimə sanksiyalarını nəzərdə tutur.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

