Bakıda fəaliyyət göstərən iri marketlər şəbəkəsindən birində alınan süd məhsulunun keyfiyyəti ciddi narazılığa səbəb olub.
AzFood xəbər verir ki, bu barədə məlumat və istehlakçı tərəfindən daxil olub. Şikayətçinin sözlərinə görə, paytaxtın Lökbatan qəsəbəsi ərazisində yerləşən “Megastore” marketindən “Qoç Ət” brendinə məxsus “Çanaq Pendiri (Kənd Dadı)” məhsulunu alıb. Lakin evdə qablaşdırma açıldıqdan sonra məhsulun istehlaka tamamilə yararsız olduğu məlum olub.
Təqdim olunan fotoşəkillərdə məhsulun son istifadə tarixinin 23.07.2026 olduğu, yəni yararlılıq müddətinin bitməsinə hələ 4 ay qaldığı aydın görünür. Buna baxmayaraq, qablaşdırmanın daxilindəki pendirin strukturu tamamilə pozulub, yapışqan konsistensiya alaraq parçalanmış vəziyyətə düşüb. İstehlakçı bildirir ki, məhsulun üzərində AZS 108-2003 dövlət standartı və “təbii məhsul” qeydləri olsa da, faktiki vəziyyət qida təhlükəsizliyi normaları ilə ziddiyyət təşkil edir.

Məsələ ilə bağlı hüquqi müstəvidə bir neçə ciddi pozuntu diqqət çəkir. Belə ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun müvafiq bəndlərinə əsasən:
Maddə 4: İstehlakçının aldığı malın lazımi keyfiyyətdə olmasına və onun sağlamlığı üçün təhlükəsizliyinə təminat verilməlidir.
Maddə 7: Malın yararlılıq müddəti ərzində qüsur aşkar edilərsə, istehlakçı malın dəyişdirilməsini və ya pulunun geri qaytarılmasını tələb etmək hüququna malikdir.
Məsuliyyət: Bu halda həm istehsalçı (“QOÇ ƏT” MMC), həm də saxlama rejiminə cavabdeh olan satıcı (“Megastore”) birbaşa məsuliyyət daşıyır

Mütəxəssislər qeyd edirlər ki, yararlılıq müddəti daxilində məhsulun bu hala düşməsi ya istehsal texnologiyasının pozulmasından, ya da daşınma və satış zamanı soyuq zəncir rejiminin (temperaturun) təmin edilməməsindən qaynaqlana bilər.
İstehlakçı məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırma aparmasını və müvafiq tədbirlərin görülməsin istəyir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

