Energetik içkilərin həddindən artıq istifadəsi insan sağlamlığı üçün zərərli hesab olunur.
Belə ki, içkilərin tərkibindəki stimullaşdırıcı maddələr ürək və sinir sisteminə mənfi təsir göstərə bilər. Bu səbəbdən bir çox ölkədə belə məhsullara ciddi nəzarət olunur.
Qeyd edək ki, Azərbaycanda aparılan yoxlamalar zamanı Türkiyədən idxal olunan “DBL Drink Diblong” energetik içkisində uyğunsuzluq aşkarlanıb.
Məhsulda dərman vasitələrində istifadə edilən sildenafil maddəsi müəyyən edildiyi üçün həmin partiya məhv edilib və içkinin idxalına məhdudiyyət qoyulub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə Crossmedia.az-a açıqlama verib:
“Energetik içkilərə Azərbaycanda və dünyada daim tələbat getdikcə artır. Çox yaxşı haldır ki, bu içkilərin sürətlə irəliləməsindən narahat olaraq 3 il bundan öncə Azərbaycanda istehsal və idxal olunan energetik içkilərin tərkibində olan öyrəşdirici maddələrin maksimal həddini müəyyənləşdirdi. Həmin maksimal hədd mümkün qədər az zərərsizləşdirilmiş haldır”.
E.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə istehsal olunan energetik içkilər qida təhlükəsizliyi agentliyinin müəyyən etdiyi həmin normalara uyğundur:
“Gərək, belə hallar Azərbaycanda olmasın. İstehlakçılar diqqətli olmalı, Qida Təhlükəsizliyi Agentliyinə qarşılaşdıqları xoşagəlməz hallarla bağlı məlumat versinlər”.

