Son illər alimlər bağırsaq və beyin arasında sıx əlaqə olduğunu daha çox vurğulayırlar. Mütəxəssislərin fikrincə, bu əlaqə insanın əhval-ruhiyyəsinə birbaşa təsir göstərə bilər.
AzFood “Çempionat”a istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Xammad bağırsaqdakı bakteriyaların emosional vəziyyətə təsir mexanizmini izah edib.
Həkimin sözlərinə görə, bağırsaq və beyin arasında iki istiqamətli kommunikasiya mövcuddur. Stress zamanı simpatik sinir sistemi bağırsağa “narahatlıq siqnalları” göndərir, nəticədə peristaltika pozulur, qan dövranı zəifləyir və spazmlar yarana bilər.
Ekspert bildirib ki, bağırsaq və beyin daim “dialoq” halındadır. Bağırsaq mikrobiotasının tərkibi burada istehsal olunan serotoninin miqdarına və fəaliyyətinə təsir göstərir. Müxtəlif bakteriya növləri bağırsaq hüceyrələrinə fərqli təsir edir: bəziləri serotoninin daha çox ifrazını stimullaşdırır, digərləri isə azaldır.
Onun sözlərinə görə, bu dəyişikliklər həzm prosesinə, əhval-ruhiyyəyə və narahatlıq səviyyəsinə təsir edə bilər. Stress həzmi pisləşdirir, bağırsaq problemləri isə öz növbəsində təşvişi artıraraq koqnitiv funksiyalara mənfi təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, sağlam mikrobiotanı qorumaq üçün balanslı qidalanma, kifayət qədər lif qəbulu və fermentləşdirilmiş məhsulların rasiona daxil edilməsi vacibdir. O əlavə edib ki, davamlı həzm və ya əhval problemləri zamanı həkimə müraciət etmək tövsiyə olunur.


