Sağlam qidalanma

Sağlam qida genetikadan daha önəmli ola BİLƏR

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, sağlam qidalanma qaydalarına riayət etmək genetik amillər nəzərə alınsa belə, ömür uzunluğunu 1 ildən 4 ilədək artıra bilər.

AzFood xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances”  jurnalında dərc olunub.

Araşdırmaya Yanling Lv rəhbərlik edib. Tədqiqatçılar UK Biobank bazasında yer alan 100 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Bu genişmiqyaslı layihə yarım milyona yaxın könüllünün genetik və tibbi göstəricilərini əhatə edir. İştirakçılar 10 ildən artıq müddətdə izlənilib, onların gündəlik qidalanması ilə bağlı mütəmadi məlumatlar toplanıb.

Hər bir iştirakçıya qida rasionunun beş “sağlam” pəhriz modelindən hansına uyğunluğuna əsasən bal verilib. Bunlara Aralıq dənizi pəhrizi, diabet riskini azaltmağa yönəlmiş (yüksək lifli, az şəkərli) pəhriz, DASH pəhrizi, bitki əsaslı qidalanma və Alternativ Sağlam Qidalanma İndeksi (AHEI) daxildir. Paralel olaraq uzunömürlülüklə əlaqəli 19 genetik variant da qiymətləndirilib.

Müşahidə dövründə 4314 iştirakçı vəfat edib. Alimlər qidalanma, genetika və ölüm göstəricilərini müqayisə edərək hesablayıblar ki, 45 yaşlı bir şəxs daha sağlam qidalanmaya keçid etdiyi halda, balanssız qidalananlarla müqayisədə nə qədər əlavə ömür qazana bilər.

Ən güclü nəticə AHEI indeksi üzrə qeydə alınıb: bu pəhrizə riayət edən kişilər orta hesabla 4,3 il, qadınlar isə 3,2 il daha çox yaşaya bilər. Aralıq dənizi pəhrizi kişilərdə 2,2 il, qadınlarda 2,3 il əlavə ömürlə əlaqələndirilib.

Diabet riskini azaltmağa yönəlmiş pəhriz kişilərə 3 il, qadınlara 1,7 il əlavə ömür verə bilər. Bitki əsaslı qidalanma müvafiq olaraq 2,1 və 1,9 il, DASH pəhrizi isə kişilərdə 1,9 il, qadınlarda 1,8 il artımla əlaqələndirilib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, müsbət təsir genetik uzunömürlülük meyilliliyindən asılı olmayaraq müşahidə olunub. Yəni “ideal” genlərə sahib olmasalar belə, sağlam qidalanma mühüm amil olaraq qalır.

Ən güclü əlaqə isə tam taxıllı məhsullar, meyvə və tərəvəzlərin istehlakı ilə qeydə alınıb. Məhz bu qidalar ən yaxşı nəticə göstərən iştirakçıların rasionunda daha çox yer alıb.

Oxşar xəbərlər

AQTA: Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır

Səma Fərzəli

Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunu

Səma Fərzəli

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməli vacib qaydalar

Əli Fərzəliyev