Qış aylarından sonra yaz mövsümünün gəlişi qida rasionunu daha rəngarəng və faydalı məhsullarla zənginləşdirmək üçün əlverişli imkan yaradır. Bu dövrdə tərəvəz və meyvələrin bolluğu orqanizmin vitamin, mineral və lif ehtiyacını ödəməyə kömək edir.
AzFood dietology.pro saytına istinadla xəbər verir ki, yaz aylarında günün uzanması ilə birlikdə insan orqanizmində maddələr mübadiləsi də aktivləşir. Bu isə daha çox enerji sərfi və fiziki aktivlik deməkdir. Mütəxəssislər qeyd edirlər ki, bu dövrdə düzgün qidalanma həm uşaqlar, həm aktiv insanlar, həm də yaşlılar üçün xüsusi əhəmiyyət daşıyır.
Yaz süfrəsində xüsusilə yerkökü, kələm və müxtəlif göyərtilər mühüm yer tutur. Yerkökü A vitamini ilə zəngindir, kələm isə liflə zəngin olduğundan həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Şüyüd, yaşıl soğan, cəfəri və digər göyərtilər immun sistemini gücləndirir və orqanizmin soyuqdəyməyə qarşı müqavimətini artırır. Sarımsaq isə antibakterial və göbələk əleyhinə xüsusiyyətləri ilə tanınır.
Bundan əlavə, yaz rasionunda çuğundur, xiyar, balqabaq və digər tərəvəzlər də faydalı hesab olunur. Xiyarın tərkibinin böyük hissəsi sudan ibarət olduğuna görə arıqlamaq istəyənlər üçün yaxşı seçim sayılır.
Mütəxəssislər bildirirlər ki, meyvə seçərkən yerli məhsullara üstünlük vermək daha məqsədəuyğundur. Alma ən populyar və faydalı meyvələrdən biridir və gündə iki-üç ədəd alma qəbul etmək orqanizmi liflə təmin edə bilər. Ananasın tərkibində olan bromelain maddəsi isə zülalların həzminə kömək edir.
Eyni zamanda sitrus meyvələri – portağal və qreypfrut – vitaminlərlə zəngindir və susuzluğu yaxşı yatırır. Dietoloqların sözlərinə görə, böyüklər üçün gündə təxminən 400 qram tərəvəz və meyvə qəbul etmək artıq çəki və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.

