Qidaların soyuducuda düzgün saxlanması onların tez xarab olmasının qarşısını almaqla yanaşı, təravətini və keyfiyyətini daha uzun müddət qorumağa kömək edir. Məhsulların rəflər üzrə düzgün yerləşdirilməsi həm də qida təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
AzFood dietology.pro saytına istinadla xəbər verir ki, soyuducuda məhsulların düzgün yerləşdirilməsi onların saxlanma müddətini uzadır və qidaların dad keyfiyyətinin qorunmasına kömək edir. Mütəxəssislər bildirirlər ki, hər rəfin öz təyinatına uyğun istifadə olunması vacibdir.
Soyuducunun yuxarı rəfində hazır yeməklər, kolbasa məhsulları, pendir, desertlər və yemək qalıqları saxlanıla bilər. Açılmış konserv məhsullarını da bu rəfə yerləşdirmək tövsiyə olunur.
Orta rəf isə adətən süd məhsulları üçün daha uyğun sayılır. Süd, qatıq, kefir və kəsmik kimi məhsullar burada saxlanıla bilər. Yumurtaları isə xüsusi qabda yerləşdirmək daha təhlükəsiz hesab olunur.
Aşağı rəf və ya tərəvəz bölməsi əsasən təzə tərəvəz və meyvələr üçün nəzərdə tutulur. Göyərtilər – cəfəri, şüyüd, kahı və göbələk kimi məhsulların da burada saxlanması məsləhət görülür.
Soyuducunun qapı hissəsindəki rəflər isə içkilər, souslar, mürəbbə və cem kimi məhsullar üçün əlverişlidir.
Mütəxəssislər eyni zamanda bildirirlər ki, soyuducunun mütəmadi təmizlənməsi bakteriyaların yaranmasının və xoşagəlməz qoxuların qarşısını alır. Hava keçirməyən qablardan istifadə etmək isə məhsulların təravətini daha uzun müddət qorumağa kömək edir.

