AqrarManşet

Azərbaycanda arıçılıqda geriləmə: arı ailələrinin sayı niyə azalır?

Azərbaycanda arıçılıq sektoru son illərdə kənd təsərrüfatının mühüm istiqamətlərindən biri hesab olunsa da, son statistik göstəricilər bu sahədə müəyyən azalma tendensiyasının yarandığını göstərir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, düzgün dəstək və müasir yanaşmalar bu sahənin yenidən inkişafına təkan verə bilər.

AzFood xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda arıçılıqla məşğul olan 29 456 təsərrüfat fəaliyyət göstərib. Bu təsərrüfatlarda ümumilikdə 545,1 min arı ailəsi saxlanılıb.

Məlumata əsasən, 2024-cü illə müqayisədə arıçılıq təsərrüfatlarının sayında 1200 təsərrüfat azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda ölkədə 30 601 arıçılıq təsərrüfatı mövcud idi.

Eyni zamanda arı ailələrinin sayında da azalma müşahidə olunur. 2024-cü ildə ölkədə 579 min arı ailəsi olduğu halda, 2025-ci ildə bu göstərici 545,1 minə düşüb. Bu isə bir il ərzində 34 min arı ailəsinin və ya təxminən 5,8 faiz azalması deməkdir.

Mütəxəssislər bildirirlər ki, bu azalmanın səbəbləri arasında iqlim dəyişiklikləri, bəzi bölgələrdə yem bazasının zəifləməsi, xəstəliklər və arıçılıqla məşğul olan təsərrüfatların fəaliyyətini dayandırması kimi amillər rol oynaya bilər. Digər tərəfdən, kənd yerlərindən şəhərlərə miqrasiyanın artması da kiçik təsərrüfatların sayına təsir göstərən faktorlardan biri hesab olunur.

Oxşar xəbərlər