Azərbaycanda son illər iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya təkcə yem bazasının zəifləməsi və ya xəstəliklərlə bağlı deyil, həm də aqrar sahədə mövcud olan sistemli problemlərlə əlaqədardır.
Mövzu barədə Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, heyvan sayının azalması kompleks səbəblərdən qaynaqlanır:
“Son illərdə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması yalnız yem bazasının zəifləməsi və xəstəliklərlə izah edilə bilməz. Bu prosesdə aqrar siyasətdəki sistemli problemlərin də rolu böyükdür. Subsidiyalar bəzən fermerlərin real ehtiyaclarına uyğun bölünmür və ya gecikmə ilə çatdırılır. Örüş sahələrinin azalması heyvanların qidalanma imkanlarını məhdudlaşdırır, süni mayalanma və seleksiya proqramlarının zəif təşkili isə heyvanların reproduktiv və genetik potensialının tam istifadəsinə imkan vermir”.
Ekspert qeyd edib ki, fermerlər üçün nəzərdə tutulmuş dəstək mexanizmləri bir çox hallarda formal xarakter daşıyır və praktiki nəticə vermir:
“Bu isə təsərrüfatların uzunmüddətli və dayanıqlı inkişaf strategiyasından kənarda qalmasına səbəb olur. Heyvan sayının azalması daxili istehsalın aşağı düşməsi deməkdir. Nəticədə gələcəkdə ət və süd məhsullarına olan tələbatın idxaldan asılılığı arta bilər”.
Akif Nəsirlinin sözlərinə görə, mövcud risklərin qarşısını almaq üçün dövlət tərəfindən konkret və nəticəyönümlü addımlar atılmalıdır:
“Subsidiyaların və dəstək proqramlarının fermerlərin real ehtiyaclarına uyğunlaşdırılması, örüş sahələrinin qorunması və genişləndirilməsi, süni mayalanma və seleksiya proqramlarının modernləşdirilməsi vacibdir. Eyni zamanda xəstəliklərlə mübarizə gücləndirilməli, fermerlər üçün təlim və texniki dəstək təmin olunmalıdır. Yerli istehsalın davamlılığını təmin edən uzunmüddətli strateji plan hazırlanarsa, bu yanaşmalar heyvan sayının bərpasına və daxili bazarın dayanıqlılığının güclənməsinə xidmət edər”.

