Qida təhlükəsizliyiRedaktorun seçimi

Meyvələrdə virus aşkarlanıb: Diqqətli olmalıyıq!

Meyvələrdə virus aşkarlanıb: Diqqətli olmalıyıq!

Türkiyədən Azərbaycana idxal edilən şaftalı və nektarin tinglərində karantin tətbiq olunan Şarka virusunun aşkarlanması fitosanitar təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində idxal olunan tinglərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində virusun mövcudluğu müəyyən edilib ki, bu da ölkəyə gətirilən bitki materiallarının ciddi fitosanitar risk daşıya biləcəyini göstərir.

Mütəxəssislər qeyd edirlər ki, Şarka virusu meyvə ağaclarının inkişafına mənfi təsir göstərərək məhsuldarlığın azalmasına və bitkilərin sağlamlığının zəifləməsinə səbəb olur. Bu baxımdan, yoluxmuş ting partiyalarının dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərarın qəbulu yerli aqrar sahənin qorunması, xəstəliklərin yayılmasının qarşısının alınması və bitki sağlamlığının təmin edilməsi baxımından zəruri profilaktik tədbir kimi qiymətləndirilir.

Bu barədə Crossmedia.az-a danışan qida üzrə ekspert Fərid Səfərov söyləyib ki, Şarka virusu əsasən çəyirdəkli meyvə ağaclarını (şaftalı, nektarin, ərik, gavalı və s.) yoluxduran təhlükəli bitki virusudur: “Bu virus insanlara yox, bitkilərə zərər verir. Amma dolayı yolla kənd təsərrüfatı və məhsul keyfiyyəti baxımından ciddi problem yaradır.Əgər bu tinqlər məhv edilməsəydi nə baş verərdi? Birincisi, məhsuldarlıq azalardı. Çünki Yoluxmuş ağaclar zəif inkişaf edir, meyvə sayı və ölçüsü azalır. İkincisi, meyvələrdə keyfiyyəti pisləşərdi.  Nəzərə almaq lazımdır ki, Meyvələrdə ləkələnmə, formasızlıq, bərkimə, vaxtından əvvəl tökülmə müşahidə oluna bilərdi. Həmçinin  Şarka virusu əsasən bit vasitəsilə və yoluxmuş tinglərlə sürətlə yayılır. Bir təsərrüfatdan digərinə keçərək regional problem yarada bilərdi. Bundan başqa, fermerlər üçün ciddi maliyyə itkisi və ixrac məhdudiyyətləri yarana bilərdi ki, bu da iqtisadi ziyan deməkdir”.

O, həmçinin insan sağlamlığına mümkün təsirlərdən də danışıb: “Mövcud elmi məlumatlara görə Şarka virusu insanlarda xəstəlik törətmir. Bu virus heyvanlara da yoluxmur. Yoluxmuş meyvəni yemək insan üçün infeksion risk daşımır. Yoluxmuş meyvələr adətən keyfiyyətsiz olur. Şarka virusu insan üçün birbaşa təhlükəli deyil, lakin kənd təsərrüfatı üçün çox ciddi karantin virusudur. Ona görə də AQTA-nın yoluxmuş tingləri məhv etməsi düzgün profilaktik addımdır. Əsas risk insan sağlamlığından çox, məhsulun keyfiyyəti və ölkə üzrə yayılma təhlükəsidir”.

Oxşar xəbərlər

“Gölüstü” restoranı və “Çinar” kafesində nöqsanlar aşkarlanıb

Orxan Ali

Azərbaycanda inək və qoyunun sayı niyə azalır? – VİDEO

Orxan Ali

Pəhrizdə olanlar lavaş yeyə bilərmi? – Arıqlamaq istəyənlər nəzərə alsın

azfood.az