“AL Market” mağazalar şəbəkəsinin keçmiş əməkdaşı əməkhaqqı hesablaşması ilə bağlı narazılıq edib. AzFood sosial şəbəkə paylaşımına istinadla xəbər verir ki, vətəndaş Vasif İbrahimov ixtisar səbəbi ilə işdən azad olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, əmək müqaviləsinə xitam verilərkən son hesablaşma zamanı 1657 manat məbləğində kəsinti aparılıb. Halbuki əvvəlcədən ona təxminən 300 manat tutulacağı bildirilib.
Vasif İbrahimov qeyd edir ki, kəsinti barədə əvvəlcədən məlumat verilməyib və razılığı alınmayıb. O, yalnız şəxsən müraciət edib izahat tələb etdikdən sonra tutulmuş məbləğin həqiqi həcmini öyrənib.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, problem həll olunmayıb və kadrlar şöbəsindən aydın cavab ala bilməyib. Onun iddiasına görə, məsul şəxslər məsələnin üzərinə düşmür.
O həmçinin hesab edir ki, işəgötürən tərəf əmək müqaviləsinə xitam verildikdən sonra şikayət müddətinin başa çatmasını gözləyir.
Vətəndaş məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini bildirib.
Qarşı tərəfin mövqeyi dərc etməyə hazırıq.


