Image default

Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?

Azfood.az xəbər verir ki, qida obyektlərində HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var.

Belə ki, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi olan HACCP məhsulun təhlükəsizliyini təmin etməklə, birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Məhsulun standart keyfiyyətdə istehsalı hesabına satış və gəlirliliyini artırır. Nəzarət tədbirləri əvəzinə, risk əsaslı yanaşmanın həyata keçirilməsinə imkan verir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. Məhsulların ixracını asanlaşdırır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.

Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qida obyektlərində aparılan planlı yoxlamalar zamanı müəssisələrin HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə əsasən aparılan təkrar yoxlama zamanı verilmiş göstərişlərin icrası vəziyyəti yoxlanılır və aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı təqdirdə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. Sahibkarlar HACCP mövzusunda keçirilən təlimlərdə iştirak etmək və ya məsləhət xidmətlərindən yararlanmaq üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Related posts

Heç vaxt adını eşitmədiyiniz 5 qeyri-adi meyvə

Səma Fərzəli

Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib

Səma Fərzəli

Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları

Səma Fərzəli