Image default

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları

Qəhvəyi mərmər bağacığı polifaq (bir çox bitki növü ilə qidalanan) zərərvericidir. Bu zərərvericinin ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır.  Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanır və onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Həmçinin zərərvericinin yetkin fərdləri uçaraq 35 km-dən 100 km-dək məsafə qət edə bilir.

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır.

Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.

Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir.

Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda, kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin I nəsil sürfələrinin çıxdığı vaxt aparıla bilər.(AQTA)

Related posts

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Əli Fərzəliyev

İstixana şəraitində pepino mozaika virusuna qarşı mübarizə üsulları

Əli Fərzəliyev

Ötən il rekord məbləğdə – AQRAR SIĞORTA ÖDƏNİŞİ EDİLİB

Səma Fərzəli