Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov İqtisadiyyat.az -a açıqlamasında deyib ki, ABŞ–İran qarşıdurması və Hörmüz boğazının bağlı qalması qlobal miqyasda ərzaq təhlükəsizliyi üçün müəyyən risklər yaradır.
Onun sözlərinə görə, çünki Hörmüz boğazı dünya ticarətinin əsas arteriyalarından biridir:
“Belə ki, neft və qazın 30%-ə, gübrələrin isə 35-40%-ə qədəri bu boğaz vasitəsilə nəql olunur. Boğazın bağlı olması kənd təsərrüfatı məhsullarının becərilməsi üçün gübrələrin çatdırılmasında problemlər yaradır və bu da kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının kəskin azalmasına və qlobal ərzaq qıtlığının yaranmasına yol açır.

Təbii ki, bu, ilk növbədə enerji qiymətlərinin artması və nəqliyyat-logistika zəncirində mümkün pozuntularla bağlıdır. Nəticədə dünya bazarlarında ərzaq məhsullarının qiymətlərində artım müşahidə oluna bilər”.
Azərbaycana gəldikdə isə deputat qeyd edib ki, bu risklər daha çox dolayı xarakter daşıyır: “Ölkəmiz bəzi məhsullar üzrə idxaldan asılı olduğu üçün qlobal qiymət artımları daxili bazara da təsir göstərə bilər. Eyni zamanda, regionda logistika marşrutlarında yarana biləcək çətinliklər daşınma xərclərini artıra bilər.
Bununla belə, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı ciddi və kritik risklər gözlənilmir. Son illərdə yerli kənd təsərrüfatının inkişafı, strateji ehtiyatların yaradılması və idxal mənbələrinin şaxələndirilməsi bu cür xarici təsirlərin qarşısını qismən almağa imkan verir. Hesab edirəm ki, mövcud vəziyyətdə əsas məsələ qabaqlayıcı tədbirlərin davam etdirilməsi və daxili istehsalın daha da gücləndirilməsidir”.

