Bizim mətbəxSizə faydalı

Yumurtanı bu üsulla bişirin: 5 dəqiqəyə axarlı sarı əldə edin

Yumurta-qaynanmış

Səhər süfrəsi üçün ideal yumurta bişirməyin sadə yolu açıqlanıb. AzFood xəbər verir ki, düzgün üsuldan istifadə etməklə yumurtanın sarısı içəridə axarlı qalır, qabığı isə asanlıqla soyulur.

Məlumata görə, əvvəlcə qazana su tökülür, bir qədər duz əlavə olunur və qaynama həddinə çatdırılır. Su qaynayan kimi yumurtalar qaşıq vasitəsilə ehtiyatla suya salınır. Əsas məqam da məhz bundan sonra başlayır: yumurtalar suya salındığı andan etibarən dəqiq 5 dəqiqə bişirilməlidir.

Daha sonra yumurtalar dərhal çox soyuq suya keçirilir və yenə 5 dəqiqə saxlanılır. Bu üsul həm bişmə prosesini dayandırır, həm də qabığın rahat soyulmasına kömək edir. Nəticədə yumurtanın ağı bərkiyir, sarısı isə ortada axarlı və yumşaq qalır.

Bildirilib ki, yumurtanın ölçüsünə görə vaxt dəyişə bilər. Orta ölçülü yumurtalar üçün 5 dəqiqə kifayət edir, daha iri yumurtalar isə 6 dəqiqə bişirilməlidir. Hər iki halda bişirmədən dərhal sonra soyuq suya salmaq vacibdir.

Mütəxəssislər qeyd edirlər ki, bir çox insan yumurtanı əvvəlcə soyuq suya qoyur və birlikdə qızdırır. Lakin bu üsul sarının istənilən axarlığını təmin etmir. Qaynar suya salma üsulu isə daha dəqiq nəticə verir.

Eyni zamanda, bişirmə zamanı yol verilən səhvlər də xatırladılıb. Yumurtanı 10–12 dəqiqədən artıq qaynatmaq sarının üzərində boz və ya yaşıl çalar yaranmasına və dadın dəyişməsinə səbəb olur. Bişdikdən sonra yumurtanı isti suda saxlamaq da düzgün deyil, çünki istilik təsiri davam edir və nəticədə həddindən artıq bişmə baş verir. Bundan başqa, çox kiçik qazandan istifadə etmək məsləhət görülmür – su yumurtaların üzərini tam örtməlidir ki, bərabər bişmə təmin olunsun.

Oxşar xəbərlər