Manşet

Hacıqabul Quşçuluq Şirkəti “Azerbaijan Business Award” milli mükafatına layiq görülüb – VİDEO

Bakıda “Buta Palace”da biznes sahəsində 2025-ci ilin yekunları üzrə “Azerbaijan Business Award” milli mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, millət vəkilləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Təltifetmə mərasimindən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimatı olub.

Sonra 2025-ci ilin yekunları üzrə “Azerbaijan Business Award” milli mükafatının təqdimatı keçirilib.

Mərasimdə Qafqazın ən böyük yumurta istehsalçısı olan Hacıqabul Quşçuluq Şirkəti “İlin Quşçuluq Şirkəti” nominasiyasında nüfuzlu “Azerbaijan Business Award” mükafatına layiq görülüb. Bu mükafat şirkətin ölkədə quşçuluq sənayesinin inkişafında, bu sahədə qabaqcıl texnologiyaların tətbiqində oynadığı əsas rolu vurğulayır.

Mükafat şirkətin İnsan Resursları departamentinin rəhbəri Xanzadə Musayevə təqdim edilib. O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, 50 ildir fəaliyyət göstərən şirkət həm daxili bazarın yumurta təminatının ödənilməsində və eyni zamanda müxtəlif istiqamətlərdə ixrac əməliyyatlarında aparıcı rola malikdir:

“Hacıqabul Quşçuluq Şirkəti olaraq, strateji inkişaf planlarımız çərçivəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan məhsulunun keyfiyyətli və etibarlı siması kimi fəaliyyətimizi davam etdiririk. Bununla yanaşı istehsal və təchizat prosesində innovativ texnologiyalara, sanitariya standartlarına və məhsul izlənəbilərliyinə xüsusi önəm veririk. Məqsədimiz – həm yerli, həm də xarici bazarlara yüksək keyfiyyətli və etibarlı məhsul təqdim etməkdir”, deyə X.Musayevə diqqətə çatıdırb.

Məlumat üçün bildirək ki, “Azerbaijan Business Award” biznes sahəsində Milli Mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə,Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir. Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir. Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur.

Xatırladaq ki, Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti bu il 50 illik yubilieyini qeyd edir. Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir.

Burada qurulan laboratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin gündəlik təyini aparılır.

Şirkət istehsal ərazisində enerji səmərəliliyini artırmaq üçün günəş elektrik enerjisinə keçid edib. Fabrik ərazisində “günəş panelləri” texnologiyasından istifadə edilir.

Son illər Hacıqabul Quşçuluq Şirkətinin ixrac imkanları daha da genişlənib. Şirkət hazırda ABŞ-a Afrika qitəsinə, Rusiya, BƏƏ, İraq, Əfqanıstan və s ölkələrə yumurta ixrac edir.

“Təcrüməmiz təminatımızdır” missiyasını həyata keçirən Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətini qeyri-neft sektorunun davamlı inkişafı siyasətinə uyğun şəkildə həyata keçirir.

Oxşar xəbərlər