Qış aylarında vitamin mənbəyi kimi portağal ən əlçatan meyvələrdən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu sitrusdan maksimum fayda əldə etmək üçün onu bütöv şəkildə istifadə etmək tövsiyə edilir.
AzFood aif.ru-ya istinadla xəbər verir ki, dietoloq, tibb üzrə fəlsəfə doktoru Natalya Denisova portağalın qabığı və ağ lifli hissələrinin də sağlamlıq üçün dəyərli olduğunu bildirib.
Həkimin sözlərinə görə, bir ədəd portağal demək olar ki, C vitamininin gündəlik normasını təmin edir. Meyvə eyni zamanda B qrupu vitaminləri və ürək-damar sisteminə müsbət təsir göstərən güclü antioksidantlar – flavonoidlərlə zəngindir.
Denisova qeyd edib ki, flavonoidlər damar divarının vəziyyətini yaxşılaşdırır və qanın reoloji xüsusiyyətlərini optimallaşdıraraq tromb riskini azaldır. Portağalın tərkibindəki qida lifləri isə xolesterinin orqanizmdən xaric olunmasına kömək edir. Bu amillər ateroskleroz, infarkt və insult riskinin azalmasına xidmət edir.
Ekspert vurğulayıb ki, ən dəyərli hissə çox vaxt zibilə atılan qabıq və dilimlər arasındakı ağ pərdələrdir. Onun sözlərinə görə, portağal qabığı efir yağları və bakterisid təsirə malik üzvi turşularla zəngindir. Xüsusilə soyuqdəymə mövsümündə qabığı isti yeməklərə, salatlara və desertlərə əlavə etmək faydalı ola bilər.
Ağ lifli hissələrin isə flavonoid və mineral maddələrin ən zəngin mənbələrindən biri olduğu bildirilir. Həkim portağal qabıqlarını qurudaraq ilboyu ətirli qatqı kimi çörəkbişirmədə, içkilərdə və müxtəlif yeməklərdə istifadə etməyi məsləhət görür.
Mütəxəssis əlavə edib ki, portağal istifadə olunmazdan əvvəl yaxşıca yuyulmalı və mümkün kimyəvi qalıqlardan təmizlənməlidir. Onun fikrincə, düzgün istifadə edildikdə bu meyvə qış rasionunun ən faydalı komponentlərindən birinə çevrilə bilər.

/news/big/b/l/pochemu-ne-stoit-vybrasyvat-kozhuru-ot-apelsinov_17715715531961554377.jpg)
