Qida xəbərləri

“Fast-food” təhlükəsi: Uşaqlar üçün hansı risklər yaradır?

Son zamanlar uşaqlar arasında “fast-food” və digər zərərli qidalara tələbin artdığı müşahidə olunur. Bu cür qidaların geniş yayılması sağlamlığa mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, yüksək yağ, şəkər və duz tərkibli bu qidalar protein, lif, vitamin və mineral baxımından zəifdir. Enerji ilə zəngin olsalar da, uşaqların düzgün qidalanmasını təmin etmir.

AzFood xəbər verir ki, “fast-food” qidalarının yaratdığı risklər çoxdur.

Həftədə üç dəfədən çox “fast-food” istehlakı atopik xəstəliklərin – astma, ekzema və rinitin – artması ilə bağlıdır. Yeniyetmələrdə astmanın şiddəti təxminən 40%, kiçik uşaqlarda isə 25%-dən çox yüksəlir. A və C vitaminləri, kalsium və maqnezium kimi mineralların çatışmazlığı diş çürüməsi, müxtəlif xəstəliklər və hətta osteoporoz riskini artırır.

“Fast-food”-un təhlükəsi yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Həftədə 4–6 dəfə zərərli qida yeyən uşaqlarda riyaziyyat və oxu bacarıqları azalır. Yüksək şəkər səviyyəsi və qan şəkərinin düşməsi diqqətin azalmasına, əhval-ruhiyyənin dəyişməsinə və sinifdə iştirakın azalmasına səbəb olur.

Psixoloji təsirlər və asılılıq

Uşaqlıq dövründə “fast-food” asılılıq yarada bilər. Bu, uşaqların gələcəkdə adi yeməkləri daha az sevməsinə və sağlam qidalanma vərdişlərinin pozulmasına səbəb ola bilər. Piylənmə özünəinamı azaldaraq depressiya riskini yüksəldir. “Fast-food”-da omeqa-3 və omeqa-6 kimi əsas yağ turşularının çatışmaması hiperaktivlik və antisosial davranışlarla əlaqələndirilir.

Gündəlik fəaliyyətə təsiri

Qazlı içkilərdəki kofein yuxu-oyanma dövrünü poza bilər. Fiziki fəaliyyət üçün enerji çatışmazlığı uşaqların dərsdənkənar fəaliyyətlərə qatılmasını çətinləşdirir. Nəticədə həm fiziki, həm də zehni sağlamlığa mənfi təsir göstərir.

Mütəxəssislərin tövsiyələri

Uşaqların “Fast-food” qəbulu ciddi nəzarətdə saxlanmalıdır. Mütəxəssislər meyvə və tərəvəz qəbulunun artırılmasını tövsiyə edir. Sözsüz ki, bu, əhval-ruhiyyəni yaxşılaşdırır və atopik xəstəliklərin şiddətini azalda bilər. Sağlam qidaların daha əlçatan, cəlbedici və münasib qiymətlərlə təqdim olunması uşaqların düzgün qidalanmasına yardımçı ola bilər.

Oxşar xəbərlər