Market və şirniyyat mağazalarında satışa çıxarılan bəzi məhsulların üzərində etiket məlumatlarının olmaması istehlakçılar arasında ciddi narahatlıq yaradır. Xüsusilə çəki ilə satılan və ya kiçik sexlərdə hazırlanan şirniyyatların üzərində istehsal tarixi, tərkibi və saxlanma şəraiti barədə məlumatların göstərilməməsi müxtəlif suallar doğurur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, qida etiketi əslində məhsulun şəxsiyyət vəsiqəsidir.

Ekspertin sözlərinə görə, həm beynəlxalq, həm də yerli qanunvericiliyin tələblərinə əsasən, hər bir qablaşdırılmış qida məhsulunun üzərində istehsal tarixi, son istifadə müddəti, tərkibi, enerji dəyəri və saxlanma şəraiti mütləq qeyd olunmalıdır. Bu məlumatların olmamasını qanunvericiliyin kobud şəkildə pozulması kimi qiymətləndirən ekspert, belə məhsulların satışının dərhal dayandırılmalı olduğunu və istehlakçının nə aldığını bilmək hüququnun toxunulmazlığını vurğulayıb.
Şirniyyatların tərkibində tez-tez istifadə olunan qoz-fındıq, yerfındığı, yumurta, süd və qlüten kimi inqrediyentlər allergiyası olan insanlar üçün ciddi risk mənbəyidir. Asim Vəliyev qeyd edir ki, tərkibi yazılmayan bir şirniyyat həm uşaqlar, həm də böyüklər üçün real təhlükədir və insanlar bilmədən sağlamlıqlarını riskə atırlar. Digər tərəfdən, etiketsiz məhsullarda maya dəyərini azaltmaq üçün heyvan mənşəli yağlar əvəzinə damar tıxanıqlığına səbəb olan ucuz trans yağlardan və rəsmi icazəsi olmayan süni rəngləndiricilərdən istifadə hallarına daha çox qeyri-rəsmi istehsal sahələrində rast gəlinir.
Xüsusilə kremli şirniyyatlar bakteriyaların sürətlə artması üçün əlverişli mühit hesab olunur. Ekspert xəbərdarlıq edir ki, istehsal tarixi bəlli olmayan məhsulda salmonella, listeria və kif göbələklərinin inkişaf etmədiyinə dair heç kim zəmanət verə bilməz:
“Kremli şirniyyatları 4 dərəcədən yuxarı temperaturda 2 saatdan artıq saxlamaq olmaz. Otaq temperaturunda bakteriyalar hər 20 dəqiqədən bir bölünərək sayını minlərlə artırır. Saxlanma şəraitinin göstərilməməsi isə məhsulun hansı rejimdə saxlanıldığını sual altına qoyur”.
Bu sahədəki boşluqları aradan qaldırmaq üçün üçtərəfli nəzarət mexanizminin vacibliyini qeyd edən Asim Vəliyev, ilk növbədə aidiyyəti qurumların monitorinqləri gücləndirməsini, sertifikatsız məhsulların dərhal dövriyyədən çıxarılmasını və istehsalçıların ağır cərimələnməsini təklif edir. İkinci mərhələdə mağaza rəhbərliyi məsuliyyət daşımalı və etiketi olmayan heç bir məhsulu qəbul etməməlidir. Nəhayət, üçüncü və ən vacib nəzarət istehlakçılar tərəfindən aparılmalıdır:
“Biz etiketsiz məhsulu almamalıyıq. Əgər məhsulun üzərində etiket yoxdursa, mağaza rəhbərliyindən qaiməni və ya böyük qutunun üzərindəki məlumatları tələb etməliyik”. Sonda ekspert tünd qırmızı, yaşıl və göy rəngli parlaq şirniyyatlardan ehtiyatlı olmağı tövsiyə edib, çünki bu cür məhsullarda istifadə olunan süni boyaq maddələri uzunmüddətli dövrdə ciddi xəstəliklərə səbəb ola bilər.


