Qida xəbərləri

Rasionunuza diqqət edin: Sağlamlıq həm də boşqabdan başlayır

Rasionunuza diqqət edin: Sağlamlıq həm də boşqabdan başlayır

Rasionda lif çatışmazlığının sağlamlığa təsiri ilə bağlı aparılan yeni elmi araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Məlumata görə, yüksək dərəcədə emal olunmuş və lif baxımından kasad qidaların qəbulu, xüsusilə yaşlılarda iltihabi proseslərin artması və yaddaşın zəifləməsi ilə əlaqəli ola bilər.

“Medical Xpress” nəşrinin yaydığı xəbərə əsasən, alimlər rafinə edilmiş qidaların tərkibindən asılı olmayaraq idrak funksiyalarına mənfi təsir göstərə biləcəyini bildirirlər. Tədqiqat nəticələri lifin beyin sağlamlığında mühüm rol oynadığını və onun çatışmazlığının müəyyən risklər yarada biləcəyini göstərir.

Məsələ ilə bağlı Crossmedia.az-a danışan qida eksperti Fərid Səfərov rasionda lif çatışmazlığının təkcə həzm sisteminə deyil, dolayısı ilə beyin funksiyalarına və yaddaşa da təsir göstərə biləcəyini qeyd edib:

“Lif az olduqda bağırsaqda faydalı bakteriyalar azalır, bu isə iltihabi prosesləri artıraraq diqqət və yaddaşın zəifləməsinə səbəb ola bilər. Lif çatışmazlığının əsas səbəblərindən biri rafinə olunmuş qidaların çoxluğudur. Belə ki, ağ çörək, ağ düyü, şirniyyat, fast-food məhsulları lif baxımından kasaddır. Müasir qidalanma tərzi lifdən çox, sürətli karbohidratlara əsaslanır. Həmçinin gündəlik menyuda tərəvəz və meyvə yoxdursa və ya çox azdırsa, lif çatışmazlığı qaçılmaz olur. Kəpəkli çörək əvəzinə ağ un məhsulları seçildikdə lif miqdarı xeyli azalır. Uzunmüddətli qeyri-balanslı pəhrizlər də məsələdə rol oynayır.  Bəzi çox məhdudlaşdırıcı pəhrizlər, məsələn, lifsiz maye dietlər lif defisitinə səbəb ola bilər”.

O, lif çatışmazlığının əsas əlamətlərini də sadalayıb: “Qəbizlik, qarında köp və narahatlıq, tez-tez aclıq hissi, qanda şəkərin sürətli qalxıb-enməsi, yorğunluq və diqqət azalması, bağırsaq florasının pozulması nəticəsində uzunmüddətli dövrdə yaddaş və konsentrasiya zəifləyə bilər. Ümumiyyətlə, yetkin insan üçün gündəlik lif ehtiyacı orta hesabla 25–35 qramdır. Liflə zəngin qidalar tam taxıllar, kəpəkli çörək, yulaf, qarabaşaq, tərəvəzlər, meyvələr, paxlalılar, toxumlar.

Əgər rasionla kifayət qədər lif almaq çətindirsə, bəzi hallarda lif əlavələri istifadə edilə bilər. Bunlara misal olaraq psyllium, inulin, buğda kəpəyi tozunu göstərə bilərik.

Əlavə lif qəbul edərkən su qəbulu artırılmalıdır. Əks halda köp və qəbizlik daha da arta bilər. Əlavələr əsas deyil, köməkçi vasitədir. Prioritet həmişə təbii qidalar olmalıdır”.

Tibb üzrə fəlsəfə doktoru həkim, onkoloq Fərid Museyibov isə söyləyib ki, lif çatışmazlığı yaddaşı da zəiflədə bilər:

“Bu hal hətta digər orqanlarında fəaliyyətinə təsir edə bilər. Ümumən, bu çatışmazlıq həm yaddaş zəifləməsinə səbəb olur, həm də mədə-bağırsaq sistemində problemlər yaradır. Bunun üçün biz hər zaman bildiririk ki, qidalanma zamanı tək bir nüansa deyil, bir çox məsələyə diqqət yetirməli və hər bir qidanı qədərində qəbul etməliyik”.

 

Oxşar xəbərlər

Çox su içmək zərərlidir – Mütəxəssis normanı AÇIQLADI

Orxan Ali

Sağlamlıq üçün ən ideal SƏHƏR YEMƏYİ

Səma Fərzəli

Bir boşqab sağlamlıq: Qışda immunitetinizi BELƏ GÜCLƏNDİRİN

Orxan Ali