Sağlam həyat üçün suyun vacibliyi danılmazdır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, “nə qədər çox su, bir o qədər sağlamlıq” düşüncəsi hər zaman doğru deyil.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili xəstəliklər mütəxəssisi dr. Ərbil Çümen su istehlakı ilə bağlı cəmiyyətdə formalaşmış yanlış təsəvvürlərə aydınlıq gətirib. Onun sözlərinə görə, bədənimizin təxminən dörddə üç hissəsi sudan ibarət olsa da, bu, həddindən artıq su içməyin faydalı olduğu anlamına gəlmir:
“Lazım olduğundan çox su içmək, xüsusilə qısa müddətdə yüksək miqdarda qəbul edildikdə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq su qanda duz balansını poza, başgicəllənmə, ürəkbulanma və hətta huş itkisinə gətirib çıxara bilər”.
Mütəxəssis bildirib ki, xüsusilə yaşlı insanlarda bəzi hormonal dəyişikliklər səbəbindən susuzluq hissi zəifləyə bilər. Bu isə orqanizmin susuz qaldığını hiss etmədən dehidratasiyaya səbəb ola bilər:
“İnsan susuzluq hiss etməsə belə, bədəni susuz qala bilər. Digər tərəfdən, gün ərzində fasiləsiz su içən və su şüşəsini əlindən yerə qoymayan şəxslər də bilmədən həddindən artıq su qəbul edə bilərlər. Bu isə su intoksikasiyasına səbəb ola bilər”.
Çay və qəhvə suyu əvəz etmir…
Mütəxəssis vurğulayıb ki, çay və qəhvə su ehtiva etsə də, onların həddindən artıq istehlakı orqanizmdə maye itkisini artıra bilər:
“ “Onsuz da çay içirəm” deyərək su içməmək düzgün yanaşma deyil”.
O, həmçinin sidiyin rənginin hər zaman düzgün göstərici olmadığını da qeyd edib: “Tünd sidik az su içildiyini, açıq rəng isə kifayət qədər su qəbul edildiyini hər zaman göstərmir. Hər kəsə eyni miqdarda su tövsiyə edilmir”.
Mütəxəssis xüsusilə böyrək daşı olan şəxslər üçün kifayət qədər su qəbulunun vacibliyini vurğulasa da, bəzi xəstələr üçün həddindən artıq suyun təhlükəli ola biləcəyini deyib:
“Ürək çatışmazlığı, irəliləmiş böyrək xəstəliyi və qaraciyər sirrozu olan xəstələrdə çox su içmək bədəndə maye yığılmasına, nəfəs darlığına və hətta xəstəxanaya yerləşdirilməyə səbəb ola bilər. Bu hallarda su miqdarı həkim tərəfindən fərdi şəkildə müəyyən edilməlidir”.
Ə.Çümen sonda “Hər kəs gündə səkkiz-on stəkan su içməlidir” fikrinin də doğru olmadığını deyib. Onun sözlərinə görə, suya olan ehtiyac yaşa, çəkiyə, fiziki aktivliyə, iqlimə, hamiləliyə və digər amillərə görə dəyişir:
“İsti bölgədə yaşayan insanla sərin iqlimdə yaşayan insanın su ehtiyacı eyni deyil. Buna görə də hər kəs üçün keçərli olan tək bir rəqəm yoxdur”.


