2026-cı ilin əvvəlindən dünya birjalarında kakao və qəhvə qiymətlərində kəskin eniş müşahidə olunur.
AzFood beynəlxalq bazar məlumatlarına istinadla xəbər verir ki, kakao fyuçersləri tarixi maksimumla müqayisədə təxminən 70% ucuzlaşıb, qəhvə isə ötən illə müqayisədə demək olar ki, 30% dəyər itirib.
Kakao bazarında nə baş verir?
2026-cı ilin əvvəlində kakao paxlasının bir tonunun qiyməti 4 min ABŞ dollarından aşağı düşüb. Halbuki 2024-cü ilin sonunda bu göstərici 12 min dolları keçmişdi. Buna baxmayaraq, hazırkı qiymətlər hələ də əvvəlki illərlə müqayisədə yüksək sayılır və bu da tələbatı zəiflədir.
Mütəxəssislər bildirirlər ki, bazar böyük məhsul gözləntilərinə və emalçı şirkətlərin marağının azalmasına reaksiya verir. Şokolad istehsalçıları xammalı pik qiymətlərlə alıb məhsulun maya dəyərinə əlavə etdikdən sonra reseptlərdə kakao payını azaltmağa başlayıblar. 2025-ci ilin sonunda Avropada kakao emalı təxminən 3% azalıb ki, bu da son 11 ilin ən ciddi geriləməsidir.
Eyni zamanda, dünyanın ən böyük kakao ixracatçısı olan Kot-d’İvuarda anbarların dolduğu bildirilir. Qana və Kot-d’İvuarda fermerlər dövlət dəstəyi üçün müraciət ediblər. Kot-d’İvuar hakimiyyəti bazarda qiymətlərin daha da enməsinin qarşısını almaq üçün yeni məhsulun alışını müvəqqəti məhdudlaşdırıb.
Qəhvə bazarında vəziyyət
Qəhvə bazarında da oxşar tendensiya müşahidə olunur. Təklifin artması, tələbin zəifləməsi və əvvəlki illərdəki kəskin bahalaşmadan sonra korreksiya prosesinin başlaması qiymətlərin enməsinə səbəb olub.
Bununla belə, bazar hələ də iqlim dəyişikliklərinə və istehsalçı ölkələrdəki vəziyyətə həssasdır. Bir çox regionlarda plantasiyalar uzun illər yenilənmədiyindən məhsuldarlıq risk altındadır. Fermerlərin gəlirlərinin aşağı olması investisiyaları məhdudlaşdırıb və bu da istehsalı daha kövrək edib.
Azərbaycanda və regionda qiymətlər nə vaxt ucuzlaşacaq?
Ekspertlərin fikrincə, kakao qiymətlərinin enməsi yaxın aylarda şokoladın pərakəndə satış qiymətinə dərhal təsir göstərməyəcək. Çünki istehsalçılar hələ də əvvəlki yüksək qiymətlərlə alınmış xammaldan istifadə edirlər.
Qəhvə ilə bağlı da oxşar vəziyyət müşahidə olunur. Pərakəndə qiymət formalaşarkən yalnız dünya birja kotirovkaları deyil, həm də valyuta məzənnəsi, logistika xərcləri və icarə haqları nəzərə alınır. Azərbaycan kimi idxaldan asılı bazarlarda dollar məzənnəsi qiymətə birbaşa təsir edir.
Hazırda birjalarda eniş olsa da, mağazalarda və kafelərdə qiymətlər yüksək olaraq qalır. Bu isə keçid mərhələsi kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, əgər qlobal istehsal artımı davam edərsə və tələb zəif qalarsa, yaxın dövrdə qiymət artımının tempi azalacaq, lakin kəskin ucuzlaşma gözlənilmir.
Analitiklərin proqnozuna görə, 2026–2027-ci mövsümdə kakao təklifi tələbi təxminən 403 min ton üstələyə bilər. Bu isə bazarda əlavə təzyiq yaradaraq qiymətlərin daha sabit və aşağı səviyyədə qalmasına səbəb ola bilər.
Ümumilikdə, qəhvə və kakao bazarında sürətli və fasiləsiz bahalaşma dövrünün başa çatdığı bildirilir. Lakin istehlakçıların real qiymət azalmasını hiss etməsi üçün zaman tələb olunur.


