Beynəlxalq alimlər qrupu müəyyən edib ki, sağlam qidalanma rejiminə riayət etmək ömür uzunluğunu 1 ildən 4 ilə qədər artıra bilər. Bu təsir hətta genetik amillər nəzərə alındıqda belə qalır.
AzFood xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tədqiqata Yanling Lv rəhbərlik edib. Alimlər UK Biobank bazasına daxil olan 100 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Bu layihə yarım milyona yaxın könüllünün genetik və tibbi göstəricilərini əhatə edir. İştirakçılar 10 ildən artıq müddətdə müşahidə olunub və onların gündəlik qidalanması barədə mütəmadi məlumat toplanıb.
Hər iştirakçıya rasionunun beş “sağlam” qidalanma modelindən hansına uyğun olmasına görə bal verilib. Bu modellərə Aralıq dənizi pəhrizi, diabet riskini azaltmağa yönəlmiş liflə zəngin və şəkəri az olan pəhriz, DASH pəhrizi, bitki əsaslı qidalanma və Alternativ Sağlam Qidalanma İndeksi (AHEI) daxildir. Eyni zamanda, uzunömürlülüklə əlaqəli 19 genetik variant da qiymətləndirilib.
Müşahidə dövründə 4314 nəfər vəfat edib. Qidalanma, genetika və ölüm göstəricilərinin müqayisəsi əsasında alimlər hesablayıblar ki, 45 yaşlı bir şəxs daha sağlam qidalanmaya keçərsə, balanssız rasionla qidalananlarla müqayisədə daha uzun yaşaya bilər.
Ən yüksək nəticə AHEI indeksi üzrə qeydə alınıb: bu pəhrizə əməl edən kişilər orta hesabla 4,3 il, qadınlar isə 3,2 il əlavə ömür qazana bilərlər. Aralıq dənizi pəhrizi kişilərdə 2,2 il, qadınlarda isə 2,3 il artımla əlaqələndirilib.
Diabet riskini azaldan pəhriz kişilərə 3 il, qadınlara 1,7 il əlavə ömür vəd edir. Bitki əsaslı qidalanma müvafiq olaraq 2,1 və 1,9 il, DASH pəhrizi isə kişilərdə 1,9 il, qadınlarda 1,8 il artımla əlaqələndirilib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, müsbət təsir genetik meyillilikdən asılı olmayaraq müşahidə olunub. Yəni “ideal” genlər olmasa belə, sağlam qidalanma mühüm rol oynayır.
Ömür uzunluğu ilə ən güclü əlaqə tam taxıllar, meyvə və tərəvəzlərin istehlakı ilə müəyyən edilib. Ən yaxşı nəticə göstərən iştirakçıların rasionunda məhz bu məhsullar üstünlük təşkil edib.

