“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsi uğurla davam edir. Azərbaycanda rəqabət mühitinin yaradılması və ədalətli rəqabət mexanizminin formalaşması ictimaiyyətin, xüsusilə də sahibkarların ciddi marağına səbəb olmuşdur. Hüquqşünasların və iqtisadçıların bu yöndə apardığı maarifləndirmə tədbirləri diqqəti çəkir.
Lənkəran şəhərində sahibkarlar, QHT-lər, KİV nümayəndələrin iştirakı ilə keçirilən tədbir də bu qəbildəndir.
Görüşü təşkilatın rəhbəri Bəxşeyiş Əsgərov açaraq layihənin məqsədi və icra mexanizmi haqqında məlumat vermişdir. İyul ayından qüvvəyə minəcək AR Rəqabət Məcəlləsinin ölkəmizin siyasi, iqtisadi və hüquqi həyatındakı yerindən danışan B.Əsgərov Məcəllənin düzgün və səmərəli tətbiqində sahibkarların, dövlət orqanlarının və QHT-lərin birgə fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri üzrə sektor müdiri Fərid Bayramzadə rayonda sahibkarlığın inkişafına göstərilən qayğıdan, bu sahədə görülən işlərdən, məcəllənin izahının əhəmiyyətindən danışmışdır.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin Lənkəran regional Koordinotorluğunun koordinotoru Rahib Cəbiyev regionda kiçik və orta biznesin inkişafını dəstəkləndiyini, KOB subyektlərinə xidmətlər göstərildiyini və maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırmişdır.
Azərbaycan İqtisadçılar Birliyinin sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, istisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə “Haqsız rəqabətlə mübarizə iqtisadi inkişafın vacib amili kimi” mövzusunda çıxış etmişdir. Rəqabətin iqtisadiyyatın inkişafında rolundan, haqsız rəqabətin neqativ təsirlərindən danışmışdır.
Layihənin hüquqşünası Aydın Kərimov iqtisadiyyatın inkişafında azad sahibkarlığın əhəmiyyətindən, dövlətimizin rəqabət siyasətinin istiqamətlərindən, Rəqabət Məcəlləsinin bu prosesdə yerindən danışdı. Məcəllənin uğurla tətbiq edilməsi, görülən işin effektli olması üçün sahibkarların, dövlət orqanlarının, QHT-lərin və KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi mexanizmi ilə bağlı təkliflərini bildirdi.
Tədbirdə iştirakçıların sualları cavablandırılmış, onlar arasında rəy sorğusu keçirilmişdir.