Image default

Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları

Nar bitkisinin kökü, meyvələri və digər hissələri zərərli orqanizmlərin təsirinə məruz qaldıqda zərər görür. Həmçinin istehsal olunan nar məhsulunun keyfiyyəti və əmtəəlik qabiliyyəti aşağı düşür. Bu halların qarşısını almaq üçün isə nar bitkisini əsasən antraknoz və ya dəmgil, meyvə çürüməsi və ya zitioz və bakterial ləkəlilik xəstəliklərindən qorumaq lazımdır.

Narın antraknoz və ya dəmgil xəstəliyi dünya ölkələrində geniş yayılmış göbələk xəstəliyidir. Ölkəmizdə Gəncə şəhəri, eləcə də Göygöl, Ağdam, Lənkəran və Astara rayonları ərazisində daha çox yayılıb. Bu xəstəlik nar bitkisinin yarpaq, saplaq, zoğ və yaşıl meyvələrini yoluxdurur. Dəmgil xəstəliyi çiçək kasacığını və meyvənin qabıq hissəsini zədələyir, tünd-qəhvəyi batıq ləkələr əmələ gətirir. Sirayətlənmiş yarpaqlar kiçik, həlqəvi qırmızıyabənzər qəhvəyi və ya açıq çəhrayı ləkələrlə əhatə olunur. Zaman keçdikcə, bu ləkələr bərkiyir, tünd-qonur və ya tünd-qəhvəyi rəng alır. Daha çox yoluxmuş yarpaqlar saralır və vaxtından əvvəl tökülür. Bununla yanaşı, saplaqların yoluxması da yarpaqların vaxtından əvvəl tökülməsinə səbəb olur. Xəstə zoğlar inkişafdan qalır, bəzən isə tamamilə məhv olur. Meyvələr yetişmənin ilk mərhələlərində xəstəliyə yoluxur. Bu zaman meyvələr cırlaşır, kobudlaşır və partlayır. Bu hal onların saxlanmasını sıfıra endirir. Yetişmə dövrünün ilk vaxtlarında dəmgil xəstəliyinə güclü yoluxan meyvələr tam inkişafdan qalır. Bu səbəbdən bitkilərin xəstəliklərə qarşı davamlılığını artıran kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, ilk olaraq, nar bağı salarkən seçilmiş ərazinin relyefi, bitkilər və cərgələrarası sıxlıq mütləq şəkildə nəzərə alınmalı, antraknoz əlamətləri olan tinglər məhv edilməli, tingliklərdə sağlam əkin materialının yaradılması üçün aqrotexniki tədbirlər həyata keçirilməli, növbəli əkin sistemi tətbiq edilməli, alaq otları məhv edilməli, suvarma və gübrələmə prosesləri, həmçinin budama işləri vaxtlı-vaxtında və düzgün aparılmalıdır.

Narın meyvə çürüməsi və ya zitioz xəstəliyi nar bitkisinin kifayət qədər geniş yayılmış xəstəliklərindən biridir. Bu xəstəliyə bitkinin becərildiyi bütün rayonların ərazisində rast gəlinir. Nar bitkisinin kökü,  gövdəsi, budaqları, yarpaqları, çiçəkləri və meyvələri bu xəstəliyin təsirinə məruz qalır. Narın meyvə çürüməsi xəstəliyinin yarpaqlarda yaratdığı qəhvəyi rəngli ləkələr onların vaxtından əvvəl saralaraq tökülməsinə səbəb olur. Sirayətlənmiş çiçəklər qəhvəyi və ya tünd-qəhvəyi ləkələrlə örtülür, əksər hallarda çiçəklərin vaxtından əvvəl tökülməsinə gətirib çıxarır. Bu xəstəliklə meyvənin yoluxması isə əsasən kasacığın sirayətlənməsindən başlayır ki, bu zaman da ləkələr böyüyərək meyvənin qalan hissələrinə keçir. Yoluxmuş nar meyvələrinin üzərində də qəhvəyi rəngli ləkələr əmələ gəlir. Ləkələr iriləşərək meyvəni əhatə edir. Хəstəlik əlaməti olan meyvələr qaralıb çürüyür və zədələnmiş cavan nar meyvələri yerə tökülür. Xəstəliyin törədicisi qışı çürümüş meyvələrdə keçirir. Bu xəstəlik əsasən, mexaniki zədələnmiş meyvələrdə, rütubətli havada daha sürətlə artır. Həmçinin sirayətlənmiş gövdə oduncağının və kök boğazının qabığı və üst qatları qəhvəyi pas rəngi alaraq çürüyür. Müəyyən zaman kəsiyindən sonra qabıq çatlayır və soyulur. Yarpaqlarda qəhvəyi pas rəngli nöqtələrə malik olan müqayisə olunacaq dərəcədə iri, qəhvəyi rəngli ləkələr əmələ gəlməsi onların vaxtından əvvəl saralaraq, tökülməsinə gətirib çıxarır. Xəstəliyin yayılma səbəbi mumyalaşmış meyvələr, yerə tökülmüş yarpaqlar və nar dənələri, eləcə də sirayətlənmiş ağaclardır. Zitioz xəstəliyi narın məhsuldarlığını aşağı salır və bağlara böyük ziyan vurur. Nar plantasiyalarında bu cür simptomlara rast gəldikdə, müvafiq fitosanitar tədbirlər aparılmalı, tez-tez təmizlik işləri görülməli, ağacların üzərində olan və ya yerə tökülmüş xəstə və qurumuş meyvələr yığılıb məhv edilməlidir.

Narın bakterial ləkəliliyi xəstəliyi yarpaqlarda 2-5 mm-ə qədər kiçik sarı, açıq qəhvəyi nekrotik ləkələrin əmələ gəlməsi ilə başlayır və bu mərhələdə simptomlar işıqda aydın görünür. Bu ləkələr zamanla qonşu ləkələrlə birləşir, ləkələr böyüyüb tündləşir və parıltılı olur. Ləkələr getdikcə yarpaq saplaqlarını da yoluxdurur və yarpaqların tökülməsinə səbəb olur. Yarpaqların yoluxub vaxtından əvvəl tökülməsi nəticəsində ağacların qışda dözümlülüyü azalır. Həmçinin fotosintezin pozulması üzvi maddələrin sintezini ləngidir və məhsuldarlığı aşağı salır. Xəstəlik, xüsusilə, 2-5 yaşlı nar ağaclarının qabığının soyulması ilə özünü göstərir. Bu çatlar 5-7 yaşlı nar ağaclarında dərinləşir və şiddətli yoluxma halında həmin çatlardan intensiv axıntı müşahidə edilir. Meyvələrdə patogenin simptomları əvvəlcə tipik qara ləkələr kimi başlayır və bakterial axıntı bu ləkələri əhatə edir. Sirayətlənmə şiddətləndikcə meyvədə çatlar əmələ gəlir. Belə ağacların yoluxmuş hissələrinin kəsilərək məhv edilməsi məqsədəmüvafiqdir.

Nar bitkisinin xəstəliklərinin vaxtında aşkar edilməsi, yeni nar bağlarının salınması və ümumilikdə, bu sahədə kompleks tədbirlərin aparılması ölkədə nara olan daxili tələbatın ödənilməsinə, nar ixracının artırılmasına və narçılıqla bağlı digər sahələrin inkişafına təsir göstərir. Bu hal isə bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, hazırda dünyada nar bitkisinin 500-dən artıq sortu məlumdur. Azərbaycanda narın əsasən “Azərbaycan gülöyşəsi” və ya “Qırmızı gülöyşə”, “Çəhrayı gülöyşə”, “Qırmızı qabıq”, “Nazik qabıq”, “Şüvəlan narı”, “Şah nar”, “Şirin nar”, “Qırmızı şirin”, “Ağ şirin”, “Göy nar”, “Zibeydə” və digər sortları var.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Tərlan Qorçiyeva tərəfindən hazırlanıb.

Related posts

Yaşıl çaya süd əlavə etsəniz nə olar?

Səma Fərzəli

Çatdırılma zamanı qida məhsullarına müdaxilənin qarşısını necə almaq olar?

Səma Fərzəli

Hər gün nanəli çay içməyə 5 səbəb – SABAHDAN BAŞLA

Əli Fərzəliyev