Image default

Heyvanların yemləndirilməsində mikroelementlərin əhəmiyyəti

Mineral maddələr heyvan orqanizmində dayaq-hərəkət sisteminin formalaşmasında, həzm proseslərinin, qələvi-turşu balansının və osmotik təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Bu maddələrə daxil olan manqan, dəmir, sink, mis, kobalt, molibden kimi mikroelementlərin isə heyvan orqanizmində metabolik proseslərin tənzimlənməsində, qanyaranmada, orqanizmin müdafiə funksiyasının formalaşmasında, həzm traktında mikrofloranın fəaliyyətində, zülalların biosintezində və digər proseslərdə əhəmiyyəti böyükdür. Mikroelementlər eyni zamanda bir çox fermentlərin aktivliyini artırmaqla, aktivator rolu oynayır. Onların iştirakı olmadan heyvan orqanizmində fizioloji-biokimyəvi proseslərin dinamikliyi, o cümlədən zülal, karbohidrat, yağ, vitamin və su mübadiləsi qeyri mümkündür.

 

Araşdırmalar mikroelementlərin heyvan sağlamlığında mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Odur ki, heyvan sağlamlığının qorunması məqsədilə yem rasionlarının mikroelementlərlə balanslaşdırılması zəruri hesab edilir. Mikroelementlərin heyvan orqanizmindəki əhəmiyyəti barədə aşağıdakıları qeyd etmək olar:

Manqan (Mn) mikroelementinin heyvanlar üçün fizioloji əhəmiyyəti böyükdür. Bu mikroelement heyvan orqanizmində xolesterolun sintezində, oksidləşmə reduksiya və sümük əmələgəmə proseslərində fəal iştirak edir. Eyni zamanda askorbin turşusu (C vitamini) və tiaminin (B1 vitamini) sintezində, peptidaza, fosfataza, xolinesteraza və digər fermentlərin fəallaşmasında manqanın rolu böyükdür. Heyvan orqanizmində manqan daha çox qaraciyər və böyrəklərdə toplanır. İribuynuzlu heyvanların qanında manqanın miqdarı 3-5 mkq/100ml, südündə isə 0,03-0,1 mq/kq olur. Manqan çatışmazlığı qanyaranma prosesinə, cinsi yetişkənliyə, daxili sekresiya vəzilərinin fəaliyyətinə və sümük toxumasının formalaşmasına mənfi təsir göstərir. Bu mikroelementin çatışmazlığı quşlarda daha çox müşahidə edilir ki, nəticədə sümük və oynaqların deformasiyası ilə müşayiət olunan perozis xəstəliyi baş verir.

 

Dəmir (Fe) mikroelementinə qan, qırmızı sümük iliyi, qaraciyər, dalaq və əzələ toxumasında daha çox rast gəlinir. Dəmirin əsas bioloji rolu oksigenin nəqli və hüceyrə tənəffüsünü təmin etməsi ilə dəyərləndirilir. Belə ki, dəmir oksigenin toxumalara daşınmasını həyata keçirən hemoqlobin və mioqlobulinlərin strukturuna daxildir. Heyvan orqanizmindəki dəmirin 60%-i hemoqlobin, 3-7%-i isə mioqlobulinlə birşləşmiş şəkildə olur. Bununla yanaşı, dəmir bir çox metabolik proseslərdə, o cümlədən DNT-nin bərpası və replikasiyasında iştirak edir. Dəmirin metabolizmi və homeostazı qaraciyər tərəfindən sintez olunan hepcidin hormonu tərəfindən tənzimlənir. İribuynuzlu heyvanların qanında dəmirin miqdarı 36-42 mq/100ml, südündə isə 0,5-1,0 mq/kq təşkil edir. Quşlar və donuzlar dəmirə qarşı daha həssasdır. Dəmir çatışmazlığı ana südü və yemlə kifayət qədər təmin olunmayan yeni doğulmuş heyvanlarda müşahidə edilir. Mürəkkəb zülal kompleksi olan ferritin heyvan orqanizmində dəmirin hüceyrədaxili deposu rolunu oynayır. Ferritinə dalaq, qaraciyər, böyrək və sümük iliyində daha çox rast gəlinir. Heyvan orqanizmində üzvi və qeyri-üzvi birləşmələr şəklində mövcud olan dəmirin qana sorulması prosesi nazik bağırsaqlarda baş verir. Heyvanların yem payında dəmir çatışmazlığı səbəbindən hemoqlobinin sintez olunması prosesi zəifləyir ki, bu da qan azlığına, yəni anemiya xəstəliyinə gətirib çıxarır.

 

Sink (Zn) heyvanların inkişafında və böyüməsində, endokrin-metabolik proseslərdə, cinsi yetişkənlik və immun sisteminin formalaşmasında iştirak edən və bir çox fermentativ proseslərdə kofaktor (fermentlərin aktivliyini təmin edən) rolu oynayan mikroelementdir. Bu mikroelement zülalların sintezində mühüm rol oynamaqla yanaşı, bir çox hormon və fermentlərin (xüsusilə tənəffüsü tənzimləyən fermentlərin) zəruri komponentidir. Sink xüsusilə superoksid dismutaz (SOD) fermentinin tərkib hissəsi olaraq heyvan orqanizmində antioksidant-müdafiə funksiyası yerinə yetirir. Bu mikroelement tük, dəri və sümük toxumalarının normal inkişafı üçün böyük əhəmiyyətə malikdir. Heyvan orqanizmində sinkin yüksək konsentrasiyasına qaraciyər, əzələ və sümük toxumalarında rast gəlinir. Heyvanlarda sink çatışmazlığı səbəbindən zülal sintezinin zəifləməsi ilə yanaşı, hüceyrələrin bölünməsi, inkişafı və bərpası prosesləri pozulur. Bunlar isə heyvanlarda böyümənin ləngiməsi, məhsuldarlığın azalması, dəri problemləri, balasalma və sümük deformasiyaları ilə nəticələnir. Həmçinin sink çatışmazlığı heyvanlarda parakeratoza, tükün tökülməsinə, iştahanın azalmasına və reproduktiv funksiyanın pozulmasına səbəb olur. İribuynuzlu heyvanların qanında sinkin miqdarı 250-500 mkq/100ml, südündə isə 3,0-5,0 mq/kq təşkil edir.

 

Mis (Cu) dəmir və vitamin B12 ilə birgə hemoqlobinin və qanın sintezi proseslərində biokatalizator rolunu oynayır. Bu mikroelement karbohidrat mübadiləsində qlükozanın mənimsənilməsi prosesində mühüm rol oynamaqla, qlikogenin metabolizmini tənzimləyir. Misin sümüklərin formalaşmasında, həmçinin qığırdaq, vətər, qan damarları, ağciyər alveolaları və dərinin elastikliyinin qorunmasında əhəmiyyəti böyükdür. İribuynuzlu heyvanların qanında misin miqdarı 80-120 mkq/100ml, südündə isə 0,1-0,35 mq/kq təşkil edir. Yem rasionlarında bu mikroelementin çatışmazlığı səbəbindən qanda yetişməmiş eritrositlərin sayı artdığından anemiya baş verir. Eyni zamanda heyvanlarda sümük əmələgəlmə prosesi pozulmaqla, osteoparoz və cavan heyvanlarda raxit əlamətləri müşahidə olunur. Heyvan orqanizmində mis əsasən ehtiyat şəklində qaraciyərdə toplanır.

 

Kobalt (Co) gövşəyən heyvanların işkənbə mikroflorası tərəfindən B12 vitamininin sintezi prosesində mühüm komponent hesab olunmaqla, qanyaranma prosesində aktiv iştirak edir. Heyvanların yem payında kobalt çatışmazlığı səbəbindən işkənbədə bakteriya və infuzorların miqdarı azalır. Nəticədə yemin həzməgediciliyi zəifləyir ki, bu da ət və südün məhsuldarlığına mənfi təsir göstərir. Yem paylarında kifayət qədər kobalt olmadığı halda, heyvanlarda hipovitaminoz, zəiflik, balasalma, reproduktivliyin azalması halları müşahidə olunur. İribuynuzlu heyvanların qanında kobaltın miqdarı 3,0-5,0 mkq/100ml, südündə isə 0,5-1,0 mkq/kq təşkil edir.

 

Molibden (Mo) heyvan orqanizmində metabolik proseslərin həyata keçməsində mühüm rol oynayan mikroelementdir. Molibdenin bioloji funksiyaları əsasən azot və mis metabolizmi ilə bağlıdır. Bu mikroelement bir sıra fermentlərin (ksantinoksidaza, aldehidoksidaza və sulfidoksidaza) tərkib hissəsi olmaqla, orqanizmdə bir çox proseslərdə, o cümlədən hüceyrələrin tənəffüsündə və böyüməsində, gövşəyənlərdə mikrofloranın aktivliyinin stimullaşmasında və digər proseslərdə iştirak edir. Eləcə də molibden purin mübadiləsini tənzimləyən fermentlərin tərkib hissəsidir. Qeyd edək ki, bu elementə heyvan orqanizmində əsasən qaraciyər və sümük toxumasında rast gəlinir. Müəyyən olunub ki, heyvanların qidalanmasında molibdenin çatışmazlığına az rast gəlinir. Digər mikroelementlərdən fərqli olaraq, molibden çoxluğu heyvanlarda distrofik proseslərə, həmçinin sinir sistemi və mədə-bağırsaq traktının funksiya pozğunluğuna səbəb olur. İribuynuzlu heyvanların qanında molibdenin miqdarı 4,5 mkq/100ml təşkil edir.

 

Sadalananlar göstərir ki, tərkibi mikroelementlərlə zənginləşdirilmiş yem və yem əlavələrinin heyvandarlıqda istifadəsi mühüm əhəmiyətə malikdir. Çünki bu, nəticə etibarilə insanların təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin olunmasına zəmin yaradır.

 

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Kəmalə Əliyeva, Seyidxanım Seyidova və Şəbnəm Məmmədova tərəfindən hazırlanıb.(AQTA)

 

 

 

Related posts

Çatdırılma zamanı qida məhsullarına müdaxilənin qarşısını necə almaq olar?

Səma Fərzəli

Qarğıdalı qiymətləri son 3 ilin ən aşağı səviyyəsinə çatıb

Səma Fərzəli

2 Aprel – Autizm Dünya Maarifləndirmə Günü ilə əlaqədar tədbir keçirilmişdir

Səma Fərzəli