Virus mənşəli bitki xəstəliklərinin idarə olunmasında ən səmərəli üsul istehsal sahəsinə virusun daxil olmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.
İstixanalarda xəstəliklərə davamlı və zərərli orqanizmlərdən azad sertifikatlı səpin və ya əkin materialından istifadə edilməlidir. Bununla yanaşı, toxum 1% natrium fosfat məhlulunda 45 dəqiqə, sonra 0,5%-li natrium hipoxlorid məhlulunda 30 dəqiqə saxlanıla bilər. Toxumlar məhlulda qarışdırılmalı və məhluldan çıxarıldıqdan sonra bir neçə dəfə təmiz suda durulaşdırılmalıdır.
Pepino mozaika virusunun yayılmasını və daşınmasını minimuma endirmək üçün, məhsul istehsalının bütün mərhələlərində ciddi gigiyena qaydalarına əməl etmək və əkinlər arasında hərtərəfli təmizləmə prosedurunu həyata keçirmək olduqca vacibdir.
Alət və ləvazimatların dezinfeksiyası:
– Dezinfeksiya məqsədilə istifadə edilən maddələr virus öldürücü xüsusiyyətə malik olmalı, daha yüksək konsentrasiyalarda və ən azı bir neçə dəqiqə ərzində istifadə edilməlidir;
– İstixanaların girişlərində dezinfektantlar və dezinfeksiyaedici məhlullar hopdurulmuş ayaqaltılar qoyulmalıdır;
– İstixana daxilində istifadə olunan arabalar və yükqaldırıcılar, habelə digər nəqliyyat vasitələri müvafiq qaydada dizenfeksiya edilməlidir;
– İşçilər hər səhər dezinfeksiya edilmiş xüsusi geyimlə, əlcəklə, baxil və dezinfeksiyaedici maddələrlə təmin edilməlidir. İşçi personalın şəxsi əşyaları ilə istixanaya daxil olmasına yol verilməməlidir;
– İstehsal sahəsinə daxil olmazdan əvvəl və sonra əllər sabunla yuyulmalı və ya dezinfeksiya olunmalıdır;
– Kəsici alətlər bir bitki cərgəsində istifadə olunduqdan sonra digərinə keçmədən öncə yağsız süd və ya digər dezinfeksiyaedici vasitələrlə dezinfeksiya edilməlidir.
– Əkin prosesində, habelə məhsul yığımında istifadə edilən bütün alətlər, avadanlıqlar, eləcə də sirayətlənmiş bitki qalıqlarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri iş gününün sonunda dezinfeksiya edilməlidir;
– Yoluxmuş ərazilərdə istifadə olunan avadanlıqlar, araba və qablaşdırma materialları digər ərazilərdə istifadə olunmamalıdır. İş gününün sonunda bütün arabalar və yeşiklər təmizlənməli, yuyulmalı və dezinfeksiya edilməlidir. Kiçik alətlər natrium fosfatın 10%-li məhlulunda təxminən 30 dəqiqə isladılmalıdır.
Virusun erkən aşkarlanması və ləğv edilməsi:
– Xəstəliyin erkən aşkarlanması və ləğvi üçün müntəzəm olaraq monitorinqlər həyata keçirilməli, aşkar olunan simptomların yaxından yoxlanılması və dəqiq təyinatı üçün bütün şübhəli bitkilərdən dərhal nümunələr götürülməlidir;
– Sahədə virus aşkar edilərsə, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə bütün işçilər və digər şəxslər xəbərdar edilməli, simptomlar barədə məlumatlandırılmalı və onlara xəstəliyin simptomlarının ilk əlamətlərində rəhbərliyi xəbərdar etmələri barədə göstərişlər verilməlidir;
– Sirayətlənmə əlamətləri olan bitki və ya bitkilər olan sıralar işarələnməli və həmin cərgələrə giriş məhdudlaşdırılmalıdır;
– Sanitariya-gigiyena tələblərinə əməl edilmək şərtilə sirayətlənmə əlaməti (rəng dəyişikliyi, yarpaqda və ya meyvədə deformasiya, inkişafın ləngiməsi və s.) olan bitkilər və onların hər tərəfindən ən azı 1.5-3.0 m radiusda olan bütün bitkilər üzərinə yuxarıdan aşağıya doğru polietilen torba keçirilməklə çıxarılmalı və həmin hissə dezinfeksiya edilməlidir;
– Virusla sirayətlənmiş material təhlükəsizlik qaydalarına əməl edilməklə yandırılmalı və ya dərin basdırılmalıdır;
– Virus aşkarlanan ərazilərdə işləyən işçilər gün ərzində başqa istixanaya keçməməlidirlər;
– Yoluxmuş bitki materialı heç vaxt açıq yerə atılmamalı və ya birbaşa torpağa qarışmamalıdır. İstehsal sahəsində yoluxmuş bitki qalıqları, seçilmiş xəstə pomidorlar və məhsul qalıqları dərhal məhv edilməli və ya üzərinə sönmüş əhəng tökülməklə basdırılmalıdır.
İstixanalarda gigiyena:
– İstixananın virusdan təmizlənməsinə tam əmin olmaq üçün yoluxmuş bitkilərin çıxarıldığı ərazilərdə asqı ipləri, damcı suvarma vasitələri və substratlar dezinfeksiya edilməli, bu mümkün olmadıqda isə dəyişdirilməlidir;
– Qablaşdırma bölməsində çalışan işçilər mümkün qədər istehsal sahələrində işləməməlidirlər. Ehtiyac olduğu hallarda işçilər istehsal sahəsinə getməzdən əvvəl əlləri dezinfeksiya etməli, əlcək taxmalı, təmiz kombinezon geyinməli və ayaqqabıları mütləq dezinfeksiya etməlidirlər;
– Bitki qalıqlarının təmizlənməsi və dezinfeksiya işlərinin istixanalarda çıxışa doğru edilməsi daha effektlidir;
– Beton səthlər, yerüstü hava və isitmə boruları xüsusi təzyiqlə yuyulmalıdır;
– Suvarma suyunun və təkrar dövriyyə suyunun dezinfeksiya edilməsi təmin edilməlidir. Damcı xətləri təmizlənərək dezinfeksiya edilməli və ya dəyişdirilməlidir. Xətləri təmizləmək üçün suvarma sistemində turş mühit yaradılmalı və xətlərdəki çöküntüləri çıxarmaq üçün 24 saat buraxılmalıdır. Bundan sonra təmiz su ilə yuyulmalıdır. Çənlər də 24 saat ərzində bir neçə dəfə dezinfeksiyaedici ilə yuyulmalı, daha sonra təzə su ilə yuyulmalıdır;
– Dezinfeksiyaedici damcı dirəklərinə səpilməli və sonra su ilə yuyulmalıdır.
Şitilliklərdə gigiyena:
– Şitilliklərdə mütəmadi müşahidələr aparılmalıdır. Ştilliklərdə işləyən işçilər infeksiyanın yayılmasının qarşısını almaq üçün istehsal sahələrində işləməməlidirlər. Bu mümkün olmadığı hallarda isə işçilər əvvəlcə şitilxanalarda, sonra istehsal sahələrində işləməlidirlər;
– Şitilliklərdə işləyən işçilər mütləq şəkildə təmiz və dezinfeksiya edilmiş geyimlərdən istifadə etməlidirlər. Şitilliklərin girişində bütün işçilər, arabalar və nəqliyyat vasitələri üçün dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir;
– İstehsal sahəsində tətbiq edilən müvafiq qabaqlayıcı gigiyena-sanitariya tədbirlərinə şitilliklərdə daha ciddi əməl olunmalıdır.