Image default

Fermerlərə aqrar subsidiya əmsalları artacaq

Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqlayıb. Qurum Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2024-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Azfood.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Aqrar Subsidi­ya Şurası kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2024-cü ildə əkin əmsalları və əkin subsidiya­sının məbləğini müəyyən edib. Qurumun qərarına əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sent­yabrın 1-dən 2024-cü il mayın 31-dək sa­lınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvar­ma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılıb.

Şuranın qərarına əsasən, armud, gi­las, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd, badam bitkisi üzrə 1 hektara mini­mum 278 ədəd vegetativ calaqaltı, xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd, limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd, qoz bitkisi üzrə 1 hektara mi­nimum 238 ədəd, əzgil, zoğal, iydə, ən­cir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar, eləcə də fındıq bitkisi üzrə 1 hektara mi­nimum 330 ədəd ocağın olduğu intensiv meyvə bağları damcı suvarma sistemi ilə təmin olunmuş bağlara aid edilir. Subsidi­ya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması müəyyənləşdirilib.

Bu il sentyabrın 1-dən 2024-cü il ma­yın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələ­rində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5 min 600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5 min manat məbləğində əkin subsidiyası ödə­niləcək. Eyni zamanda, həmin müddətdə salınan hər hektar intensiv limon bağları­na görə 11 min 600 manat, intensiv narin­gi və portağal bağlarına görə 9 min 600 manat, intensiv nar bağlarına görə isə 3 min manat məbləğində əkin subsidiyası­nın verilməsi təmin olunacaq. Yeri gəlmiş­kən, əkin subsidiyasının alınması üçün həmin bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il sentyabrın 1-dən gələn il mayın 31-dək salınan intensiv kinkan bağlarının hər hektarına görə 11 min 600 manat, şabalıd bağlarının hər hektarına görə 800 manat, damcı suvarma siste­mi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9 min 600 manat, damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4 min 700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3 min 200 manat məbləğində əkin subsidi­yası ödəniləcək. Bununla yanaşı, 2024-cü ildə damcı suvarma sistemi ilə təmin olunmuş həm ənənəvi, həm də yaşı 4 ildən çox olan intensiv bağlara görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılıb.

Yeni qərara əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəl­dilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2024-cü il üzrə Azərbaycan Res­publikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müa­sir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərə­findən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul sub­sidiyası müəyyən edilib.

Gələn il pambıq, şəkər çuğundu­ru və tütün bitkiləri üzrə yalnız məhsul subsidiyası veriləcək. Fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat, Virciniya sor­tu üzrə yaş tütünün hər tonuna görə 34 manat, digərləri üzrə quru tütünün hər to­nuna görə 200 manat və yaş tütünün hər tonuna görə 20 manat, şəkər çuğunduru­nun hər tonuna görə isə 18 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn il əkin subsidiyasının ve­rilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğ­da, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.

Bütövlükdə isə, fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet say­tında tanış ola bilərlər.(fins.az)

Related posts

Azərbaycanda sığortalanmış əkin sahəsi – 43% ARTIB

Səma Fərzəli

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Şəkidə keçirəcəyi vətəndaş qəbulu təxirə salınıb

Səma Fərzəli

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Saatlıda vətəndaşları qəbul edib

Əli Fərzəliyev