Image default

İstixana şəraitində pepino mozaika virusunun yayılma yolları

Pepino mozaika virusu başda pomidor bitkisi olmaqla, pepino, badımcan, kartof, reyhan bitkilərini, habelə Sarmaşıqkimilər, Quşüzümüçiçəklilər, Pəncərkimilər və b. fəsilələrə daxil olan yabanı bitkiləri sirayətləndirir. İlk dəfə 1974-cü ildə Peruda pepino bitkisi üzərində tapılıb. Kanada və Amerika Birləşmiş Ştatları, Çili, Ekvador, Qvatemala və Peru, Morokko, Çin, Avstriya, Belçika, Yunanıstan, Çexiya, Danimarka, Fransa, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Holandiya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İsveç və İngiltərədə istixana şəraitində becərilən pomidor bitkilərində rast gəlinməsi qeydə alınmışdır.

Pepino mozaika virusunun bitkidə yaratdığı simptomlar virusun genotipinə, bitkinin növünə, sortuna, fenologiyasına və iqlim şərtlərinə görə dəyişir. Belə ki, simptomlar payız və qış aylarında işıq səviyyəsinin və temperaturun aşağı olduğu vaxtlarda daha tez müşahidə olunur. Daha isti və işıqlı aylarda virus yaşlı bitkilərdə yaşam qabiliyyətini saxlayır, lakin heç bir simptom müşahidə olunmur. Ümumiyyətlə, simptomlar sirayətlənmədən 2-3 həftə sonra müşahidə olunur və cərgə boyunca yayılmağa başlayır.

Sirayətlənmiş bitkilərdə tez-tez alçaqboyluluq, bitkinin təpə hissəsi ətrafındakı yarpaqlarda tünd ləkələr, aşağı yarpaqlarda isə qəhvəyi ləkələr əmələ gəlir. Yarpaqlarda sarı rəngli ləkələr əmələ gəlir, sonra həmin sarı ləkələr parlaq sarı ləkələrə çevrilir. Gövdələrdə qəhvəyi zolaqlar əmələ gəlir, bitki böyüdükcə bu zolaqlar bitkinin böyümə nöqtəsinə yaxın bütün gövdəni, eləcə də çiçək salxımlarını əhatə edir. Qəhvəyi ləkələr inkişaf edən çiçəklərə sirayətləndikdə, onların inkişafının dayanmasına səbəb olur. İnkişaf etməkdə olan meyvələr sirayətləndikdə meyvələrin qabığının da qəhvəyi rəngdə olduğu müşahidə olunur. Erkən sirayətlənmiş yarpaqlar və meyvələr əlamətsiz olaraq müşahidə olunmaqla yanaşı, əlamətlər meyvə salxımında və yarpaqlarda müşahidə olunub, sonradan görünməz olması da mümkündür.

Nəzərə almaq lazımdır ki, virus yüksək yoluxuculuq qabiliyyətinə malik olub, müxtəlif səthlərdə uzun müddət bu qabiliyyətini saxlayır. Virusun otaq temperaturunda uzun müddət stabil qaldığı, sirayətlənmiş səthlərdə və bitki qalıqlarında uzun müddət canlılığını saxladığı məlumdur.

Çirklənmiş alətlər, ayaqqabılar, paltarlar, əllər və bitkidən bitkiyə təmas yolu ilə asanlıqla mexaniki şəkildə yayılır. Virus ərazidə çalışan işçilər bitkilərə toxunmaqla daha asan yayıla bilir. Virus 18-21° C temperaturda 90 gündən çox qalır. 10° C temperaturda saxlanılan nəm üzvi tullantıda sabit qalmaqla nisbətən uzun müddət yoluxma qabiliyyətini saxlayır. Ümumilikdə işçilərin geyimlərində virus 14 gün qalır.

Tozlanmada istifadə edilən Bombus cinsinə aid tozlandırıcı arıların virus daşıyıcısı olmasını nəzərə alaraq, arı koloniyalarının bir bölmədən digər bölməyə və ya bir təsərrüfatdan digər təsərrüfata daşınması və təkrar istifadəsi ərazidə Pepino mozaika virusunun yayılmasını artırır. Bundan başqa, əl ilə tozlanma prosesinin həyata keçirilməsi virusun yayılma riskini daha da yüksəldir. Virusun yayılması calaq vasitəsilə də baş verir. Beynəlxalq ticarətdə virusun əsas yayılma yolu isə sirayətlənmiş toxum, şitil və meyvə hesab olunur.

Related posts

Kənd təsərrüfatı məhsullarının istehsalı 10 mlrd. manata çatıb

Əli Fərzəliyev

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Naxçıvanda 1700-dən çox fermerə yazlıq əkin üçün – SUBSİDİYA VERİLİB

Səma Fərzəli