Yarasalar xəstəlikləri necə yayır ?

Nicat Həsənov: “Bir əsrdən artıqdır ki, quduzluq  xəstəliyi yarasalarda da qeydə alınıb”
Çində koronovirusdan ölənlərin sayı 106-ya yüksəlib, təxminən 1300  yeni infeksiyaya yoluxma hadisəsi qeydə alınıb. 

Bu virusun yarasa supundan yayılması ilə bağlı dünya ictimaiyyətində məlumatlar dolaşır. Maraqlıdır, yarasadan indiyə qədər belə bir virus yayılıbmı?

Məsələ ilə bağlı AzFood-a müsahibə verən biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənov bir sıra maraqlı məqamlara toxunub. Nicat Həsənovla müsahibəni təqdim edirik:

– Nicat bəy, Azərbaycanda yarasalarla bağlı hansı tədqiqat və işlər aparılır?

– Azərbaycanın yarasalar faunası müstəsna olaraq həşəratla qidalanan 33 növdən ibarətdir. Yarasalar üzrə faunistik tədqiqatlar davamlı olaraq aparılmaqdadır. Keçən əsrin 60-80-ci illərində bəzi yarasa növlərinin ektoparazitləri (bitlər, birələr, gənələr, qansoran milçəklər), endoparazitləri (qurdlar), qan parazitləri qismən tədqiq edilib. Lakin sonradan bu işlər davam etdirilməyib. Təəssüf ki, ölkəmizdəki yarasaların virus xəstəliklərinin yayılmasındakı potensial rolu heç bir zaman dəyərləndirilməyib. Bu boşluq nəzərə alınaraq ilk dəfə  2019-cu ildən etibarən ABŞ-ın Qərbi Asiya Yarasalar Şəbəkəsi (WAB-Net) AMEA Zoologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində  Azərbaycanda yarasa növlərində koronovirusların öyrənilməsi ilə bağlı mənim rəhbərliyim altında ilk elmi tədqiqat layihəsinə start verilib. Tədqiqat  işləri növbəti illərdə də davam etdiriləcək və ən azı respublikanın fərqli təbii vilayətlərində yayılmış yarasa növlərini əhatə edəcəkdir. Analoji tədqiqatların növbəti 3 il ərzində Cənubu Qafqaz və bir sıra Qərbi Asiya  ölkələrində aparılacağına görə regionun ümumi koronoviruslarla bağlı epidimioloji vəziyyətində Azərbaycan yarasalarının roluna da müəyyən dərəcədə aydınlıq gətiriləcək.

Nicat Həsənov

– Yarasalardan indiyədək hər hansı bir virus yayılması hallarına rast gəlmisiz?

– Bir əsrdən artıqdır ki, quduzluq virus xəstəliyi yarasalarda da qeydə alınıb. Amma yarasaların təsadüfi dişləməsi (onları tutarkən) zamanı quduzluğa yoluxmadan ölmə hadisələri yırtıcı heyvanlardan yoluxma halları ilə müqayisədə dəryada damladır. Odur ki, bu xəstəliyin yayılmasında ən az günahlandırıla bilən heyvanlar yarasalardır. Qeyd edək ki, quduzluq xəstəliyi koronoviruslarla yox, lissaviruslar (Lyssavirus) vasitəsilə törədilir. Son 20 ildə qeydə alınan digər patogen xəstəlikləri (EBOLA, MERS, SARS, Çində yayılmaqda olan indiki xəstəlik) törədən virusların  (lissaviruslar, henipaviruslar, koronoviruslar) yarasa mənşəli olması təsdiq edilib, bəzilərinin isə (filoviruslar) yarasa mənşəli olması güman edilir. Hazırda Çində yayılan yeni növ koronovirusun yaratdığı fəsadlar yenidən bu virusların yayılma mexanizmini və o cümlədən təbii rezervuar ola biləcək yarasaları bir daha gündəmə gətirdi.

– Yarasadan koronovirus keçməsi nə qədər realdır?

– Faktiki olaraq yarasaların hansısa koronovirusu birbaşa yayması halı heç bir vaxt sübut edilməyib, müxtəlif xəstəlik hallarında bu funksiyanı ya dəvələr, ya da başqa heyvanlar həyata keçirib. Yarasaların bu virus xəstəliklərinin yayılmasındakı dəqiq rolunu öyrənmək üçün tədqiqat işləri dünya miqyasında davam edir.

Onu da qeyd etmək lazımdır ki, hazırda Çində yayılmaqda olan koronovirus (2019-nCoV) 2002-ci ildə onlarla insanın tələfatına səbəb olan SARS (Ağır Kəskin Respirator Sindromu), 2013-cü ildə Səudiyyə Ərəbistanında, 2015-ci ildə isə daha 23 ölkədə qeydə alınan MERS (Yaxın Şərq Respirator Sindromu) xəstəliyinin törədici olan koronovirusun dəyişilmiş formasıdır. MERS xəstəlikdən 2015-ci ildə 62 nəfər dünyasını dəyişib. Tədqiqatlar xəstəliyin dəvələr vasitəsilə insana keçdiyini, virusların təbii rezervuarının isə yarasalar olduğunu göstərib. Dəvələrlə yarasalar arasındakı mübadilə isə tam aydın deyil.

Virusun yayılmasına gəlincə, onun qan, tüpürcək, peyin, sidik vasitəsilə keçmə ehtimalı ola bilər. Virusa yoluxma halı bu deyilənlərin insanın selikli qışasına və ya qanına düşməsi zamanı baş verə bilər. Hava vasitəsilə yarasalardan virusların keçməsi sübut olunmayıb. Tam bişirilməmiş yarasa şorbasından daha çox, yarasaları yeməyə hazırlayarkən heyvanın qanı vasitəsilə və ya diri xəstə heyvanın dişləməsi zamanı keçmə ehtimalı daha böyükdür.

– Yarasa əti yeyiləsidir?

– Yarasa əti Afrika və Cənub-Şərqi Asiyanın çox az ölkələrində əhali tərəfindən yeyilir. Və yeyilən yarasa növü iri meyvəyeyən yarasalardır. Avropada və Azərbaycanda yayılmış həşəratyeyən kiçik ölçülü yarasaların əti cəlbedici olmasa da, yaxın keçmişdə İtaliyanın Visenza vilayətində nalburun yarasaların ətinin nadir hallarda yeyilməsi tarixdən məlumdur. Hətta vəhşi heyvanlar üçün də yarasalar cəlbedici (bəlkə də əlçatmaz olduğu üçün) yem obyekti deyildir və ona görə də yarasaların təbii düşmənləri azdır.

– Virus yayırsa, bunu yarasanın bütün növünə aid etmək olar?

– Koronovirusların əksər hallarda təbii rezervuarı bu günə kimi meyvəyeyən yarasalar göstərilib. Buna baxmayaraq, SARS koronovirusunun nalburun yarasalarda da yayılması halı elmi məqalələrdə yer alır. Avropada Vespertilionoidae (hamarburun yarasalar) fəsiləsində olan yarasalarda aşkar edilən alfa və beta koronoviruslar Çində təsvir edilmiş koronoviruslarla genetik olaraq çox oxşardır. Azərbaycanda yarasalar faunasının əsasını  Vespertilionoidae fəsiləsindən olan növlər (33 növdən 25-i) təşkil edir.

Hazırda yayılan virus insandan insana yoluxur. Tarixən onun yarasadan və ya digər heyvandan nə şəkildəsə insanlara keçməsi və dəyişərək bu şəklə düşməsi artıq keçmişdə qalan bir prosesdir. Virus yayılarsa, yarasalar deyil, virusu təbii rezervuardan insana keçirə biləcək həlqə və ya artıq yoluxmuş insanlar maraq obyekti olmalıdır. Ümumiyyətlə isə istənilən vəhşi heyvanla birbaşa kontakta girməmək və ya kontakt vacib olarsa, fərdi mühafizə vasitələrindən istifadə etmək tövsiyə olunur.

Sonda onu da demək istərdim ki, yarasalar çox zərif və insanla kontakta girməyən canlılardır. Avropadakı bütün yarasa növləri EUROBAT razılaşması əsasında qorunur və 12 növ yerli yarasa Azərbaycan Respublikasının Qırmızı Kitabına daxildir. Mediada yarasaların və ya digər təbiət canlılarının müəyyən xəstəliklərin yayılmasındakı şişirdilmiş roluna əsaslanaraq bu heyvanları incitmək və ya hər hansı tədbirlər görmək tam əsassız və qanunsuzdur.

Nurlan

Next Post

Yemək gözləyirlər: 7 milyon insan acdır

Ca Yan 30 , 2020
Efiopiyada kəskin quraqlıq səbəbindən təxminən 7 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi açıqlanıb. AzFood xəbər verir ki, bu barədə Efiopiya Milli Fəlakət Riskləri İdarəetmə Komissiyası açıqlama yayıb. Komissiya 7 milyon insanın qida problemini həll etmək üçün 1 milyard dollar ehtiyacın olduğunu bildirib. Açıqlamada qlobal iqlim dəyişikliyi səbəbindən təkrarlanan quraqlığın iqtisadiyyat […]