Sahibkarların müraciəti müsbət həll olunub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Siyəzən rayonunun Beşdam kəndində yerləşən 8 quşçuluq təsərrüfatının qaz təchizatı ilə bağlı yaranmış problemi öz müsbət həllini tapıb.

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş onlayn maarifləndirmə tədbirinə qoşulan sahibkarlar quşçuluq təsərrüfatlarında qaz təchizatı ilə bağlı yaranmış problemin həllində onlara dəstək göstərilməsi üçün müraciət ediblər.

Onlayn maarifləndirmə tədbirindən sonra sahibkarların kollektiv müraciəti “Azəriqaz” ASC tərəfindən nəzarətə götürülüb və məsələnin yerində araşdırılması üçün yaradılmış operativ qrup Siyəzən rayonuna göndərilib. KOBİA-nın Siyəzən rayonu üzrə “KOB Dostu”nun da iştirakı ilə aparılan araşdırmadan sonra sahibkarlara qaz təchizatında yaranmış texniki problemlə bağlı yazılmış cərimənin bir hissəsi silinib, qaz təchizatı dayandırılmış təsərrüfatlara qazın verilişi bərpa olunub.

Məlumat üçün qeyd edək ki, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsidir. Bu istiqamətdə Agentlik dövlət qurumları və sahibkarlar arasında körpü rolunu oynayır və yaranmış problemlərin dövlət-özəl tərəfdaşlığı platforması çərçivəsində həllinə dəstək göstərir.

AzFood

Next Post

Tanınmış biznes-mentor Gəncədə tələbələrlə görüşəcək

Şb Okt 26 , 2019