Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azfood.az-a bildiriblər ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə Şabran, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Zaqatala, Qax, Oğuz, Qəbələ, Goranboy, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarında baş tutacaq. Oktyabrın 8-də Şabranın Gəndob, Zaqatalanın Danaçı, Goranboyun Gülzarlar, oktyabrın 9-da Qusarın Şirvanovka, Qaxın Qaradolaq, Beyləqanın Aşqarlar, oktyabrın 10-da Xaçmazın Dədəli, Oğuzun Yaqublu, Füzulinin Kürdmahmudlu, oktyabrın 11-də Masallının Viləş, Qəbələnin Çuxur Qəbələ, Saatlının Nəsimikənd, oktyabrın 12-də Cəlilabadın Alqasımlı, Qəbələnin Bunud, İmişlinin Aranlı kəndlərində təşkil ediləcək.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri – torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün “1652” Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.